...

Azərbaycanın təhsil müəssisəsində rüşvətxorluq faktları aşkar edilib

Cəmiyyət Materials 9 İyul 2012 17:08 (UTC +04:00)
Təhsil Nazirliyinin Lənkəran Dövlət Humanitar Kollecinin müəllimləri tərəfindən tələbələrdən rüşvət tələb edilməsi barədə Lənkəran rayon sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Azərbaycanın təhsil müəssisəsində rüşvətxorluq faktları aşkar edilib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Mehdiyev/

Təhsil Nazirliyinin Lənkəran Dövlət Humanitar Kollecinin müəllimləri tərəfindən tələbələrdən rüşvət tələb edilməsi barədə Lənkəran rayon sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müəyyən edilib ki, kollecin "İbtidai təhsil" fakültəsinin əyani şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızı kollecin digər vəzifəli şəxsləri ilə əlbir olaraq 4b qrupunun tələbələrinin hər birindən dövlət imtahanında qiymət yazılması üçün 150 manat məbləğində pul alıb.

Məlumatın araşdırılması ilə əlaqədar məhkəmənin müvafiq qərarına əsasən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı M.Əliyevanın 10 tələbənin hər birindən təkidlə 150 manat məbləğində pul alması aşkar şəkildə müşahidə edilərək qeydə alınıb.

Əliyeva həmin məqsədlə tələbələrdən ümumilikdə 3530 manat məbləğində pul alıb.

Bundan başqa, araşdırma zamanı kollecdə tədris proqramlarının əsas etibarilə yerinə yetirilmədiyi, ixtisaslı kadrların hazırlanmasının formal xarakter daşıdığı, keyfiyyətsiz tədrisin nəticəsi olaraq tələbələrin zəruri biliklərə yiyələnməməsi, imtahanlarda qiymətləndirmənin meyarı kimi biliyin deyil, pulun və digər vasitələrin əsas götürülməsi kimi negativ hallara yol verildiyi aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı istintaq-əməliyyat tədbirləri vasitəsilə bütün təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, habelə bu kimi cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri proflaktik tədbirlər həyata keçirilməsi təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti