...

"YARAT!" təşkilatı Fuad Salayevin "Torpağın nəfəsi" layihəsini təqdim edib

Cəmiyyət Materials 13 İyul 2012 20:24 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda rəssam Fuad Salayevin "Torpağın nəfəsi" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Fuad Salayevin "Torpağın nəfəsi" layihəsini təqdim edib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir C.Babayeva/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda rəssam Fuad Salayevin "Torpağın nəfəsi" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS Yaradıcılıq Səhnəsi"nin bədii rəhbəri, professor Nərgiz Paşayeva, tanınmış rəssam Altay Sadıqzadə, tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Fuad Salayevin metaldan hazırlanmış və əsasən şəbəkəli fiqurdan ibarət heykəltəraşlıq kompozisiyası öz-özlüyündə bir neçə oxunma səviyyəsini təklif edir. Dinamika və formal əlamətlərinə görə əsər "yüksəkliklərə can atan" təsiri bağışlayır - bu, yer səthindən qopmağa çalışanların nəfəsi, havası, yüksəliş istiqaməti ilə əlaqəli ola bilər. Heykəltəraşlıq əsərinin şəhər mühitində yerdə (asfaltda) yerləşdiriləcəyini nəzərə alsaq, onun torpağın nəfəsi ilə əlaqəli olacağını güman etmək olar.

Qeyd etmək lazımdır ki, sözügedən işin ideyası müəllifin ağlına Bakıdan çox da uzaq olmayan Lökbatanda yerləşən palçıq vulkanlarını müşahidə edən zaman gəlmişdi. Püskürən vulkanların özü torpağın canlı nəfəsini xatırladır. Lakin işin gedişatı zamanı heykəltəraşlıq kompozisiyası əlavə assosiativ məna kəsb etməyə başladı. Məsələn, əsərin çevrəsi rəqsi xatırlada bilər. Dəmir konstruksiyaların rəqsi - bu, öz-özlüyündə paradoksdur. Axı, rəqs canlı varlığa xasdır, dəmir isə ağırdır, yöndəmsizdir, o, aşağı çəkir. Lakin müəllif heykəltəraşlıq əsərini heç də əbəs yerə şəbəkəli, yəni faktiki olaraq şəffaf etmir. Bu, məhz haradasa ağır olan konstruksiyaya yüngüllük, çəkisizlik və hətta oynaqlıq verir.

Bundan əlavə, kompozisiyanın əhəmiyyətli xüsusiyyəti onun interaktivliyidir - iş elə yerinə yetirilib ki, tamaşaçılar onun daxilində mövcud olan kompozisiyanı seyr etməklə onu yalnız xaricdən deyil, həm də daxildən "oxuya" bilməlidirlər. Əsərə baxış bucağının dəyişilməsindən asılı olaraq assosiasiya da dəyişir. Lakin bunlarla yanaşı, bu kompozisiyanın "optik" yüksələn vektoru əhəmiyyət kəsb edir - hansı tərəfdən yanaşmaqdan asılı olmayaraq, tamaşaçının nəzəri yuxarı yönələrək heykəltəraşlıq əsərinin dinamik formaları sayəsində yüksələn nöqtəyə cəlb edilir...

Palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yerdə durur. Azərbaycanda palçıq vulkanları geniş yayılıb. Azərbaycan Respublikasında təxminən 800 palçıq vulkanı növünün 350-si mövcuddur. Coğrafi terminlə yanaşı, palçıq vulkanlarına xalq arasında "yanardağ", "pilpilə", "qaynaça", "bozdağ" da deyilir.

1810-cu ildən etibarən bu günədək Azərbaycan Respublikası ərazisində 50 vulkandan təxminən 200-də püskürmə baş verib. Palçıq vulkanlarının püskürməsi güclü partlayışla və yeraltı səslə müşahidə olunur. Yerin dərin təbəqələrindən bayıra qaz çıxır və dərhal alışaraq yanır. Vulkan üzərində alovun yüksəkliyi 1000 metrə (Qarasu vulkanı) çatır. Torağay vulkanı 1841-ci ildən 1950-ci ilədək 6 dəfə püskürüb. Belə bir fıkir mövcuddur ki, Azərbaycanda palçıq vulkanlarının ilk püskürməsi 25 milyon il bundan əvvəl baş verib.

Mənşəyinə görə palçıq vulkanları neft-qaz yataqları ilə əlaqəlidir. Palçıq vulkanlarının mövcud olduğu ərazilərdə (Lökbatan, Qaradağ, Neft Daşları, Mişovdağ və s.) zəngin neft və qaz yataqları aşkar edilib. Bundan əlavə, palçıq vulkanlarının püskürdüyü lava, palçıq və mayedən kimya və tikinti sənayesində, eləcə də farmakologiyada istifadə edilir.

Marsın təbiətini öyrənən NASA geoloqları belə bir qənaətə gəliblər ki, Azərbaycanın palçıq vulkanları öz tərkibinə görə qırmızı planetin yaylalarına bənzəyir. İsveçrənin qeyri-kommersiya təşkilatının təşkil etdiyi "Təbiətin yeddi möcüzəsi" beynəlxalq müsabiqəsində Azərbaycanın palçıq vulkanları 5-ci yeri tutub.

Qeyd edək ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti