...

Naxçıvan Muxtar Respubikasına 90 tondan artıq məhsulların idxalına icazə verilməyib

Cəmiyyət Materials 28 İyul 2012 10:51 (UTC +04:00)
Bu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikası gömrük orqanları tərəfindən idxal istiqamətində gətirilən 90 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullari muxtar respublika ərazisinə buraxılmayıb.
Naxçıvan Muxtar Respubikasına 90 tondan artıq məhsulların idxalına icazə verilməyib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikası gömrük orqanları tərəfindən idxal istiqamətində gətirilən 90 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullari muxtar respublika ərazisinə buraxılmayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, malların 26,3 tonu üzərində istehlak tarixi olmadığından, 20,2 tonu istehlak müddəti bitdiyindən, 4,3 tonu keyfiyyəti müvafiq standartlara cavab vermədiyindən, 2,8 tonu mənşəyi məlum olmadığından, 2,6 tonu əmtəə görünüşü pozulduğundan gömrük sərhədindən keçirilməsinə icazə verilməyib. Altı ay ərzində muxtar respublikaya idxal olunan meyvə-tərəvəz məhsullarının 23,8 tonunda nitritlərin miqdarının normadan artıq olduğu müəyyən edilib və geri qaytarılması təmin olunub.

Altı ay ərzində idxalı məhdudlaşdırıldığından 4995 kq, xarab olduğundan 1477 kq, mənşəyi məlum olmadığından 108 kq, əmtəə görünüşü pozulduğundan 252 kq, istehlak müddəti bitdiyindən 1831 kq ərzaq və qida məhsulu, 3080 tablet baytarlıq preparatı, tərkibində nitratın miqdarı insan həyatına ziyan vura biləcək həddə olan 559 kq meyvə-tərəvəz məhsulu gömrük əməkdaşları tərəfindən götürülüb və müvafiq qaydada məhv edilib.

Məlumata görə, iyulun sonunda kütləvi informasiya vasitələrinin iştirakı ilə gömrük orqanlarının müvəqqəti saxlanc anbarında saxlanılan idxalı və mülki dövriyyəsi məhdudlaşdırılmış, vaxtı ötmüş digər malların da yandırma üsulu ilə məhv olunması həyata keçirilib. Məhv edilən ərzaq və qida məhsulları - 48 adda müxtəlif növ şokolad, konfet, biskvit, meyvə sirkəsi, limon suyu, bal və s. olub. Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında uşaq yeməkləri, eləcə də daha çox uşaqların istifadə etdikləri meyvə şirələri, "kukuruz", "çipsi", şirniyyat və s. üstünlük təşkil edib.

İqtisadi təhlükəsizliyin, ictimai asayişin, milli-mənəvi dəyərlərin, intellektual mülkiyyət obyektlərinin, ətraf mühitin və istehlakçıların mənafeyinin qorunması tədbirləri nəticəsində qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının predmeti olmuş mallar da həmin gün məhv edilib. Bu istiqamətdə saxlanılan mallar - əsasən, "beşbarmaq", bıçaq, qılınc, fişəng, çətənə toxumu və s. olub.

Həmçinin, əxlaq normalarına zidd 494 CD, kart və jurnallar, dünyanın tanınmış firmalarına məxsus 175 kq saxta etiket, reklam kağızları, Ermənistan Respublikasına aid 8 adda əşyalar da yandırılıb.

Xəbər lenti

Xəbər lenti