...

Qəfil ölümlərdən necə qorunaq?

Cəmiyyət Materials 9 Oktyabr 2012 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Qəfil, gözlənilməz ölüm termini ədəbiyyatda 250 ildən çoxdur istifadə edilir. Bütün gözlənilməz ölümlərin 90 faizindən çoxu ürəyin qəfil dayanması ilə əlaqəli olur.

Qəfil ölümlərlə bağlı dəqiq statistika yoxdur, amma Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müxtəlif ölkələrdə qəfil ölüm halları əhalinin hər 100.000 nəfərinə 19-dan 149 faizə qədər dəyişir. ABŞ-da il ərzində qəfil ürək ölümü ilə bağlı 250 min hal qeydə alınır.

Son illərdə Azərbaycan daxil olmaqla, MDB ölkələrində ürək-damar xəstəlikləri 10-15 il cavanlaşıb. Bu xəstəliklərə tutulma hallarının baş verməsində bir sıra faktorlar, o cümlədən həyat tərzinin, ekologiyanın pozulması, əsəb gərginliyi mühüm rol oynayır.

Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev çərşənbə axşamı Trend-ə deyib ki, qəfil ölümə əsasən ürək aritmiyası səbəb olur.

Onun sözlərinə görə, xoruldayan insanlarda da qəfil ölüm riski çox yüksəkdir. Çünki belə insanlar xoruldayarkən ani olaraq nəfəsin dayanması baş verir. Ona görə bu, çox ciddi problem hesab edilir, onun müalicəsi də olduqca zəruri sayılır.

Ürək-damar fəaliyyətinin dayanması bəzən xoruldayan, aritmiyaya (ürək ritminin pozulması) meyilli şəxslərdə yuxu zamanı baş verir. Amma insanlar özlərini qəfil ölümlərdən qoruya bilərlər. Bu cür halların baş verməməsindən ötrü belə şəxslər üçün xolter monitorlanması həyata keçirilməlidir.

Kardiloq deyib ki, bəzən xəstənin EKQ-sində heç nə aşkarlanmasa da, o, hərdən ürək nahiyəsində qeyri-xarakterik ağrıların olduğunu bildirir. Bu halda da sutkalıq monitorlanma yerinə yetirilməlidir. Bu monitorlanma xəstələrdə bir, iki, bəzən 3 sutka da ola bilər. Sutkalıq monitorlanmaya uyğun olaraq, xəstə bir neçə sutka monitorun nəzarəti altında olur. Monitorun maqnit lentində xəstənin bütün ürək fəaliyyəti qeyd olunur. Bunun əsasında xəstənin ürək-damar fəaliyyətində yaranan gizli pauzaları aşkarlamaq olur. Pauzaların sayı çoxalsa, ürəyin fəaliyyətinin qəfil dayanması baş verə bilər. Ancaq gizli pauzalar vaxtında aşkarlansa, müəyyən preparatlarla onları aradan qaldırmaq olar.

Monitorların qoyulması insanların adi həyat şəraitinə təsir göstərmir. Çox az çəkili aparat elektrodla xəstələrin sinəsinə bağlanılır və xəstə onun üstündən geyimini geyinir. Bu aparatla xəstənin, yatan, hərəkət edən, əsəbiləşən vaxt ürəyində hansı proseslərin baş verdiyini görmək və bununla da xəstəyə dəqiq diaqnoz qoymaq mümkün olur.

İnsanları öz səhhətlərinə qarşı diqqətli olmağa çağıran Başxəliyevin sözlərinə görə, Azərbaycanda insanlar profilaktik məqsədlə monitorlanmanın aparılmasına çox az maraq göstərirlər.

"İnsanlar 5 mərtəbəli villalar tikdirir, özünə bahalı maşınlar alırlar, amma sağlamlıqlarına baxmırlar. Çox təəssüf ki, bəzən xəstələr heç elektrokardioqramma da etmək istəmirlər. Deyirlər ki, mənə dərman yaz, işim var, gedim, onu həll edim", - institut direktoru əlavə edib.

Onun sözlərinə görə, insan ölümləri daha çox səhərə yaxın - saat 4-5 radələrində baş verir. Kardioloq bunun səbəbini həmin saatlarda ürək-damar fəaliyyətinin nisbətən zəifləməsi ilə izah edir.

"Beyinə qansızmalar da səhərə yaxın - saat 5-də, 6-da baş verir. O zaman da qanda bəzi hormonlar artır, qan təzyiqi 200-220-yə qədər yüksəlir. Səhər görürük ki, beyinə qansızmalar olub, xəstənin bir tərəfi işləmir", - kardiloq deyib.

O, qeyd edib ki, bu qansızmalar beyində böyük sahə tutduqda həyati vacib mərkəzlərin getdikcə sönməsinə gətirib çıxarır. Xarici ölkələrdə belə hallarda çox professional həkimlər tərəfindən təcili olaraq qansızma nahiyəsindəki qan laxtası götürülür. Ancaq hələlik Azərbaycanda belə bir xidmət yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti