...

Qafqaz Müsəlmanları İdarəsi Təhsil Nazirliyi qarşısında aksiya keçirənləri qınadı

Cəmiyyət Materials 9 Oktyabr 2012 17:21 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi Təhsil Nazirliyinin qarşısında özünü din təəssübkeşi kimi qələmə verən bir qrup şəxsin keçirdiyi icazəsiz aksiya ilə bağlı bəyanat verib.
Qafqaz Müsəlmanları İdarəsi Təhsil Nazirliyi qarşısında aksiya keçirənləri qınadı

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Qafqaz Müsəlmanları İdarəsi Təhsil Nazirliyinin qarşısında özünü din təəssübkeşi kimi qələmə verən bir qrup şəxsin keçirdiyi icazəsiz aksiya ilə bağlı bəyanat verib.

QMİ Azərbaycanda Ali Qanunun - Konstitusiyanın hər bir vətəndaşımıza dini etiqad azadlığı hüquqlarını təmin etdiyi, milli-mənəvi dəyərlərə, tarixi dini abidələrə böyük dövlət qayğısının mövcud olduğu, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə özünü din təəssübkeşi kimi qələmə verən bir qrup şəxsin Təhsil Nazirliyi qarşısında keçirdiyi aksiya ilə bağlı narahatlığını bildirərək bəyan edib ki, Azərbaycanda hicab qadağası olmadığı halda, bu məsələnin süni şəkildə qabardılması dini mərkəz olaraq bizi narahat etməyə bilməz.

"Orta məktəblərdə vahid şagird geyimində baş örtüyünün nəzərə alınması ilə bağlı müvafiq tövsiyəmizi də zamanında bildirmişik", - Trend-ə daxil olan bəyanatda deyilir.

QMİ hesab edir ki, "Hicaba azadlıq" şüarı altında aksiyanın keçirilməsi xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və burada məqsəd ölkəmizdəki sabitliyə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır.

"Bu, təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal bəzi qüvvələr tərəfindən İslam adından sui-istifadə etmək yolu ilə həyata keçirilir. Hicab məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanə, Azərbaycan dövlətinin nüfuzuna kölgə salmaq vasitəsidir. Dünya şahiddir ki, bu gün dövlət başçımızın səyləri sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Görünən odur ki, bu uğurlar, ölkəmizin gündən-günə yüksələn nüfuzu bəzi daxili və xarici qüvvələri qane etmir, qıcıqlandırır. Etiraz aksiyalarının ölkəmizdə əhəmiyyətli beynəlxalq tədbirlər ərəfəsində və ya zamanında keçirilməsinə cəhdlərin edilməsi də qərəzdən xəbər verir", - bəyanatda qeyd olunub.

QMİ qeyd edir ki, cəmiyyətdə qarşıdurma yaratmaq və bununla özlərinin mənfur məqsədlərinə çatmaq niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətin mövcud sabitliyini pozmaq cəhdlərinə qətiyyən haqq qazandırmır.

"Biz Azərbaycan dindarlarını, ziyalıları və ictimaiyyət nümayəndələrini bu məsələlərə diqqətli yanaşmağa, ictimai qınaq mövqeyində durmağa çağırırıq. Müstəqillik dönəmində dövlətimizin dindarlar üçün yaratdığı mövcud şəraiti, milli-mənəvi dəyərlərə, dini abidələrə yüksək qayğını nəzərə alaraq, dövlətin qanunlarına hörmətsizlik nümayişi kimi hallara yol verilməməsi üçün hamımız səfərbər olmalıyıq. Din xadimlərinin moizə və xütbələrində bu həqiqətləri insanlara çatdırmalarını vacib sayırıq. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman zorakılıq çağırışlarına yol verməz, Vətənin mənafelərinə zərər gətirməz. Vətəni sevmək, onun təəssübünü çəkmək imanın göstəricisidir. Heç bir məram öz ölkəsinin nüfuzuna xələl gətirmək niyyətinə haqq qazandıra bilməz. Qarabağ kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdiyi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düşmənlərimizin işinə yaraya bilər", - bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Qafqaz Müsəlmanları İdarəsi vətəndaş qarşıdurmasına rəvac verən halları qətiyyətlə pisləyir, bütün məsələlərin yalnız sivil yolla - həm dinimizin buyurduqlarına, həm də dövlətimizin qanunlarına ehtiramlı yanaşma ruhunda həllinin tərəfdarı kimi çıxış edir. Əminik ki, Azərbaycan dindarları, inşallah, dövlətçiliyimizin qorunması yolunda bütün maneələr və təxribatları layiqli şəkildə dəf edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti