...

Azərbaycanda çoxuşaqlı ailələr üçün gözlənilən güzəştlər

Cəmiyyət Materials 1 Noyabr 2012 14:10 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə bir sıra güzəştlər və imtiyazların verilməsini təklif edir.
Azərbaycanda çoxuşaqlı ailələr üçün gözlənilən güzəştlər

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə bir sıra güzəştlər və imtiyazların verilməsini təklif edir.

Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova Trend-ə bildirib ki, bu təkliflər Komitənin hazırladığı "Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında" qanun layihəsində əksini tapıb.

Layihədə çoxuşaqlı ailələrə uşaqların təhsili, səhiyyə xidmətləri, mənzil məsələləri, çoxuşaqlı valideynlərin əmək hüquqları ilə bağlı təminat və güzəştlər nəzərdə tutulub.

Hazırlanmış təkliflərdə qeyd olunur ki, çoxuşaqlı ailələrin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil almaq imkanı qazanacaqlar.

Həmçinin uşaqların məktəbdənkənar təhsil müəssisələrində pulsuz əsaslarla əlavə təhsil alması, bütün təhsil dövründə dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması, bu ailələrin uşaqlarına 6 yaşadək həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi, nəqliyyatdan istifadəyə görə kompensassiya verilməsi, istirahət, mədəniyyət obyektlərinə pulsuz göndəriş verilməsi təklif olunur.

Çoxuşalı ailələrə ssudaların, mənzil alınması üçün ipoteka kreditlərinin verilməsi, yaşayış sahələrinin həmin ailələrin mülkiyyətlərinə pulsuz verilməsi nəzərdə tutulur.

Layihədə belə ailələrə müavinətlərin verilməsi də təklif olunur.

İbrahimovanın sözlərinə görə, demoqrafiq proseslər və çoxuşaqlı ailələrin sosial vəziyyəti bu qanunun qəbulunu zəruri edir. Statistikaya nəzər salsaq, görərik ki, çoxuşaqlı ailələrin sayında azalma müşahidə olunur. 1999-cu illə 2009-cu il əhalinin siyahıya alınması ilə bağlı məlumatların müqayisəsinə görə, 1999-cu ildə biruşaqlı ailələrin göstəricisi 22,5, 2009-cu ildə 30,1 faiz, 4 və daha çox uşaqlı ailələrin statistikası 1999-cu ildə 16,7, 2009-cu ildə 9,7 faiz olub.

Komitə rəsmisi bildirib ki, qanun layihəsində çoxuşaqlı ailə dedikdə, övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə 3 və daha çox əkiz uşaqları olan və onları 18 yaşınadək tərbiyə edən ailə nəzərdə tutulur.

"Əyani təhsil alan uşaqlar təhsilini bitirənə qədər, lakin 23 yaşıdan çox olmamaq şərti ilə, çağırış üzrə həqiqi hərbi xidmətdə olanlar xidmət müddəti bitənə qədər bu kateqoriyaya daxildirlər", - İbrahimova deyib.

Qanun layihəsində "Qəhrəman ana" adına da aydınlıq gətirilib.

Belə ki, 10 və daha çox uşağı, o cümlədən övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən qadınlar "Qəhrəman ana" hesab olunacaqlar.

"Qəhrəman ana" adı veriləndə mütləq valideynin öz vəzifələrini layiqincə yerinə yetirməsi, uşağın tərbiyəsi və təhsili üçün əlverişli şərait yaratması, uşaqda yüksək əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması və s. nəzərə alınmalıdır. Qəhrəman analar da yuxarıda qeyd olunan güzəşt və imtiyazlardan istifadə etmək imkanı qazanacaqlar. Layihədə qəhrəman analara birdəfəlik pul mükafatının verilməsi təklif olunur", - şöbə müdiri deyib.

Qeyd olunan imtiyaz və güzəştlərin valideyn hüququndan məhrum edilmiş valideynlərə və valideyn himayəsindən məhrum edilmiş uşaqlara, dövlət təminatında olan uşaqlara şamil olunmaması nəzərdə tutulur.

İbrahimova deyib ki, qanun layihəsi hazırlanarkən bir sıra Avropa və MDB dövlətlərinin bu sahədəki təcrübəsi öyrənilib.

Onun zölərinə görə, Rusiya, Ukrayna, Fransa, İsveç, Finlandiya, Çexiya kimi ölkələrdə çoxuşaqlı ailələrə təminatlarla bağlı qanunlar qəbul olunub.

Belə ki, Fransada 1921-ci ildən "Böyük ailə" adlı dövlət proqramı həyata keçirilir. Proqrama əsasən çoxuşaqlı ailələrə subsidiya və imtiyazlar verilir. Fransada 4 və daha çox uşağı olan ailələr vergidən azaddır.

İsveçdə çoxuşaqlı ailələrə müavinətlər verilir və hər yeni doğulan uşağa görə verilən müavinətin məbləği artırılır. Həmçinin bu ailələrə yaşayış yeri üçün haqq verilir, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, ərzaq üçün talonlar verilir.

İbrahimova deyib ki, qanun layihəsi ilə bağlı müvafiq orqanların rəy və təklifləri alınandan sonra sənəd aidiyyəti orqanlara göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti