...

Hüseynqulu Bağırov: Bu gün Yer kürəsində bioloji resurslar tükənmək üzrədir

Cəmiyyət Materials 12 Noyabr 2012 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Bu gün dünya yeni biohəyəcan təbili çalır, çünki Yer kürəsində bioloji resurslar tükənmək üzrədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə "Yaşıl həftə" çərçivəsində keçirilən tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

"Bu gün bəzi ölkələrdə düzgün aparılmayan siyasət nəticəsində Yer kürəsinin resursları insanları təmin edə bilmir. Bunun nəticəsində də insanlar gələcək nəsillərin payından istifadə etmiş olurlar", - nazir deyib.

Bağırov qeyd edib ki, dövlətlər nə qədər təbiəti düşünməyə çalışsalar da, müxtəlif layihələr həyata keçirsələr də, bu gün bizi narahat edən ən ciddi məsələ insanların ətraf mühitə baxışlarının dəyişməsi ilə bağlıdır.

"Yəni, böyük investisiya yatırmadan insanların təfəkkürünü dəyişməklə ekoloji problemləri həll etmək olar. Bu məsələdə gənclərin rolu böyük ola bilər. Mövcud sahədə o zaman uğurlar əldə etmək olar ki, nəhəng qüvvələr bioloji resurslardan düzgün istifadə üçün səylər göstərsinlər", - nazir deyib.

Qeyd edək ki, bu gün Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə "Yaşıl həftə" çərçivəsində Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, UNEP-in Regional koordinatoru Vondvozen Asnake Kibret (Wondwosen Asnake Kibret) tədbirin açılışında bildirib ki, yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, "Rio+20" sammitinin yekunu və gənclər təşkilatları arasında daimi əməkdaşlıq haqqında danışılacaq. O cümlədən, 20-dən çox beynəlxalq iştirakçı TUNZA şəbəkəsi vasitəsilə foruma qatılacaq.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) Kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır. IDEA Kampaniyasının həyata keçirdiyi böyükmiqyaslı layihələr bir sıra beynəlxalq təşkilatların marağına səbəb olur. Bunun nəticəsində IDEA Kampaniyası beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq birgə layihələrə start verir.

IDEA Kampaniyasının həyata keçirdiyi beynəlxalq layihələrdən biri olan "Yaşıl həftə" noyabrın 16-na kimi davam edəcək.

Beynəlxalq Gənclər Forumu gənclərin "Rio+20" sammitinin qərarlarının icrasına töhfə verəcək bəyanatın qəbul olunması və bu bəyanatın BMT Baş Assambleyasının 67-ci sessiyasının nəzərinə çatdırılması ilə yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti