Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Bakıda IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) və UNEP-in (BMT-nin Ətraf Mühit üzrə Proqramı) birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu çərçivəsində bu gün şəhərin küçələrində yaşıl rəngdə taksilər görünüb.
Trend-in məlumatına görə, taksilərin üzərində "Təbiət sevildiyi zaman yaşayar" şüarı yazılıb. Bu gün, həmçinin "Park Bulvar"da ekoloji maarifləndirməyə dair plakatlar asılıb.
Qeyd edək ki, noyabrın 12-dən yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən Beynəlxalq Gənclər Forumunda davamlı inkişaf məsələləri, "Rio+20" sammitinin yekunu və gənclər təşkilatları arasında daimi əməkdaşlıq haqqında müzakirələr keçirilir. Foruma, həmçinin 20-dən çox beynəlxalq iştirakçı TUNZA şəbəkəsi vasitəsilə qatılır.
2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) Kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır. IDEA Kampaniyasının həyata keçirdiyi böyükmiqyaslı layihələr bir sıra beynəlxalq təşkilatların marağına səbəb olur. Bunun nəticəsində IDEA Kampaniyası beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq birgə layihələrə start verir.
IDEA Kampaniyasının həyata keçirdiyi beynəlxalq layihələrdən biri olan "Yaşıl həftə" noyabrın 16-dək davam edəcək və UNEP-lə (BMT-nin Ətraf Mühit üzrə Proqramı) əməkdaşlıq çərçivəsində baş tutur. Tədbirdə yerli qonaqlarla yanaşı, xarici ölkələrdən dəvət olunmuş bir sıra beynəlxalq təşkilatların, habelə dövlət və qeyri-dövlət təşkilatı nümayəndələri, gənc liderlər iştirak edirlər.
Forumun yerli və xarici qonaqları məruzələrlə çıxış edir və fikir mübadiləsində iştirak edirlər.
Beynəlxalq Gənclər Forumu gənclərin "Rio+20" sammitinin qərarlarının icrasına töhfə verəcək bəyanatın qəbul olunması və bu bəyanatın BMT Baş Assambleyasının 67-ci sessiyasının nəzərinə çatdırılması ilə yekunlaşacaq.