Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Caspian Engineers Society 24-25 noyabr 2012-ci il tarixində gənc mühəndislərin forumunu təşkil edir. Forum Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilir və dəstəklənir.
Fonddan Trend-ə verilən məlumata görə, Forumun əsas məqsədi ölkəmiz üçün aktual olan mühəndisliklə bağlı təhsil, texnoloji inkişaf və sənaye kimi mövzuların müzakirəsidir. Forum eləcə də, gənc mühəndislərin şəbəkəsinin genişləndirilməsi üçün geniş imkanlar yaradacaqdır. Belə ki, forumda nəinki mühəndislik üzrə təhsil alan tələbələr, həm də bu sahə üzrə artıq işləyən gənc mütəxəssislər də iştirak edəcəklər.
Forumda Azərbaycanda mühəndisliyin inkişafı üçün aktual olan mühəndislik təhsili, akkreditasiya və ixtisasa yiyələnmə istiqamətləri, gənc mühəndislərin inkişaf yolu və inkişaf proqramları, mühəndislik təcrübələri kimi məsələlərə toxunulacaqdır. Həmçinin, layihələrdə mühəndislik potensialının, texniki bütövlük və proseslərin təhlükəsizliyi strategiyaları forumun müzakirə obyekti olacaqdır. Forumun məqsədlərindən biri də müxtəlif şirkətlərdə işləyən gənc mühəndislərin ixtisaslar üzrə şəbəkəsini qurmaqdır. Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə İllik Milli Mühəndislik Mükafatları təqdim olunacaq və Həmid Həbib təqaüdünün qalibinin adı açıqlanacaqdır.
Tədbirdə FEANİ, İChemE, UK EngC, ASIIN, SEFİ, TMMOB kimi beynəlxalq mühəndislik təşkilatlarının vitse-prezidentləri, mühəndislik universitetlərinin bir çox professorları, BP, SLB, ARDNŞ, Azersun, AzerSu, Azercell və digər şirkətlərin mühəndisləri iştirak edəcəklər. Həmçinin, forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ARDNŞ-in vitse prezidenti, BP-nin vitse prezidenti, AzərSu-nun sədr müavini, Azərsun Holdinqin prezidenti iştirak edəcəklər.