...

Gülmirzə Poladov: Şəhər əhalisi arasında profilaktik müayinələrdən keçən insanların sayı bölgələrdə müayinələrə gedən insanların sayından çoxdur

Cəmiyyət Materials 10 Dekabr 2012 16:52 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Tibbi yardımım təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun Trend-ə müsahibəsi
Gülmirzə Poladov: Şəhər əhalisi arasında profilaktik müayinələrdən keçən insanların sayı bölgələrdə müayinələrə gedən insanların sayından çoxdur

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun Trend-ə müsahibəsi

- Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər ayının keçirilmə zərurəti nədən yarandı?

- Cənab Prezident İmişli və Saatlı rayonlarında xəstəxanaların açılışında çıxış edərkən vurğuladı ki, mən əhalini bu avadanlıqlardan istifadə etməyə, müayinədən keçməyə dəvət edirəm. Bu gün həm Bakıda, həm də bütün bölgələrdə çoxlu sayda ambulator tibb müəssisələri, klinikalar tikilir, digərləri yenidən qurularaq ən müasir Avropa standartlarına uyğun, yüksək diaqnostik əhəmiyyəti olan avadanlıqlarla təmin edilir. Son 1-2 ay ərzində İmişli, Beyləqan, Saatlı, Qubada yeni xəstəxanalar istifadəyə verilib. Bu klinikalarda yerləşdirilən avadanlıqlar sözün həqiqi mənasında çox müasirdir. Ancaq bu avadanlıqlar müəyyən qədər istifadəsiz qalır. Dünyanın hər yerində tibbi mədəniyyətin bir hissəsi olaraq, insanlar 6 aydan bir müayinələrdən keçirlər. Biz istəyirik ki, insanlar 6 aydan bir olmasa da, heç olmasa, ildə bir dəfə müayinədən keçsinlər. Hər bir xəstəlik vaxtında diaqnoz qoyulmasını sevir. Məsələn, xəstənin ürəyinin damarlarında problem olur, ağrı ilə işləyir. İnfarkt olandan sonra xəstəxanaya gəlir. Biz isə belə vəziyyətin yaranmasını istəmirik. Xərçəng də daha tez aşkarlandıqda belə, xəstələrin ömrünü uzatmaq olur. Qadınlarda süd vəzisi xərçəngi elə bir mərhələyə gəlib çata bilər ki, biz ona heç bir kömək edə bilmərik, xəstəni çox qısa müddətdə itirərik. Ancaq vaxtında mamaqrafiya olanda belə olmur. Bu gün bütün dünyada yaşı 40-dan yuxarı olan qadınlar vaxtaşırı mamaqrafiya olunurlar. Kişilər prostat vəzinin xərçənginə görə ildə bir dəfə qandan analiz verir, USM müayinəsindən keçirlər. Bu gün bütün bu imkanların hamısı regionlardakı səhiyyə müəssisələrində var.

- Azərbaycanda insanlar həkimlərə vaxtında müraciət edirlərmi?

- Şəhər əhalisi arasında profilaktik müayinələrdən keçən insanların sayı bölgələrdə müayinələrə gedən insanların sayından qat-qat çoxdur. Bölgələrdə könüllü olaraq, özünü yoxlatdırmağa gedən insanların sayı çox azdır. Rayonlarda hamilə qadınlar hamiləliyin pozulması qorxusu ilə 8-ci ayda həkimə müraciət edirlər. Məlum olur ki, həmin qadınların vəziyyəti çox ağır olsa da, 8 ayda bir dəfə də USM müayinəsindən keçməyiblər. Bizim yerlərdəki işçilərimiz öz borclarını yerinə yetirirlər. Körpə uşaqlar doğulduqdan sonra sahə tibbi bacısı evə gedərək ona baxır. Hamilə qadınlar da müayinələrə cəlb edilir.

- Bəzi ərazi poliklinikalarında müəyyən sahələr üzrə həkimlər çalışmır. Bu halda aylıq zamanı ərazi üzrə poliklinikaya müraciət edən xəstə bütün orqanlarını müayinədən keçirə bilərmi?

- Ümumiyyətlə, elə bir poliklinika yoxdur ki, orada hər hansı ixtisas həkimi üzrə ştat olmasın. Əlbəttə, rayonlarda, xüsusilə dağ rayonlarında müəyyən qədər kadr çatışmazlığı problemi var. Biz çalışmışıq ki, hər rayonun, hər ərazinin öz poliklinikasının işçilərindən başqa, bütün sahələr üzrə yüksək ixtisaslı həkimləri də yerlərdə bu müayinələrə cəlb edək. Bakıdakı 11 elmi tədqiqat institutunun hər biri 2-3 briqada yaradıb. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət qruplar müxtəlif rayonlara ezam olunaraq orada müayinələr aparırlar. Bütün rayon xəstəxanalarının baş həkimlərinə də göstəriş verilib ki, öz səviyyələrində profilaktik müayinələr aparsınlar. Daha yüksək ixtisaslı həkimlərin müayinəsinə ehtiyacı olan xəstələrə isə Bakıdan gəlmiş mütəxəssislər baxırlar.

- Müayinələrdən sonra bəzi insanların əməliyyata ehtiyacının olduğu məlum olur. Aksiyanın sonrakı mərhələsində əməliyyatların edilməsi nəzərdə tutulmur ki?

- Hazırda keçirdiyimiz aksiyanın məqsədi də insanlarda gizli mərhələdə olan xəstəlikləri üzə çıxarmaqdır. İnsanların çoxu bu gizli xəstəliklərini bildikdən sonra özləri əməliyyat olunmaq üçün xəstəxanalara gedəcəklər. İnsanlarda xəstəlik aşkar edildikdən sonra onların hamısı qeydiyyata götürülür. Biz gələcəkdə də həmin xəstələrin müalicəsini hökmən təşkil edəcəyik.

- Gələcəkdə belə aylığın davam etdirilməsi nəzərdə tutulur?

- Aylığın nəticələrini heç belə gözləmirdim. Bir gün ərzində həkim-briqadalar 70-100 adamı qəbul edirlər. İnsanlar da bu işdən çox razılıq edir. Bundan sonra belə aylıq ildə ən azı bir dəfə - hər ilin dekabr ayında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti