Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda vakant yerlər barədə düzgün məlumat verməyən, müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol verən yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərləri barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə dair təkliflər hazırlanacaq.
Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanov bununla bağlı müvafiq şöbələrə tapşırıqlar verib.
Nazirlikdən bildirilib ki, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu prosesində son iki ildə yeni qaydalar tətbiq edilib. Bu qaydalar tətbiq olunana qədər müəllimlərin işə qəbulunda əsassız müdaxilələrə, saxta diplomlarla işə qəbul olunma hallarına yol verilirdi. Ciddi ehtiyac olmadığı halda, hətta bir stavkadan az dərs yükünə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilirdi. Aparılan tədbirlər sayəsində isə müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enib.