...

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 8 Yanvar 2013 11:50 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu bu il fevral ayında aparılacaq.
Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu bu il fevral ayında aparılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də qəbul imtahanları iki mərhələdə keçiriləcək. İmtahanın I mərhələsi mart ayında, II mərhələsi iyunda keçiriləcək.

I mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səyyəsi test üsulu ilə yoxlanılacaq. Qəbul qaydalarına əsasən, I mərhələdə TQDK tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirən bakalavrlar II mərhələdə iştirak hüququ qazanacaqlar.

Əliyev, həmçinin bildirib ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı verən bakalavrların rus və ingilis dilində yazdığı esselərin qiymətləndirilməsində xarici ekspertlər iştirak edəcəklər.

Onun sözərinə görə, hazırda bununla bağlı danışıqlar aparılır.

"Yəqin ki, informasiya kommunikasiya texnologiyaları bu işi həyata keçirməyə imkan verəcək. Rus və ingilis dilində olan materialları beynəlxalq ekspertlərin köməyi ilə qiymətləndirmək imkanı var. Bu sahədə danışıqlar aparılır", - Əliyev deyib.

O qeyd edib ki, növbəti tədris ili üçün magistraturaya qəbul planı hələ məlum deyil. Bu barədə məlumatın fevraladək açıqlanacağı gözlənilir.

Əliyev bildirib ki, ötən il olduğu kimi, bu il də magistraturaya sənəd vermək istəyənlər elekron imzadan istifadə edə bilərlər. Şöbə müdirinin sözlərinə görə, bunun üçün proqram təminatı da hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti