...

Azərbaycanın diplomatik işçiləri üçün ayrılan təmsilçilik xərclərinin ödənilməsi qaydaları açıqlanıb

Cəmiyyət Materials 10 Yanvar 2013 12:53 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nı təsdiq edib.
Azərbaycanın diplomatik işçiləri üçün ayrılan təmsilçilik xərclərinin  ödənilməsi qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası"nı təsdiq edib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu qaydalara əsasən, diplomatik nümayəndəliyin təmsilçilik xərcləri üzrə maliyyələşdirmə aparılarkən onun mövcud vakant ştatları nəzərə alınır və bu vakant ştatların müqabilində xərclərin maliyyələşdirilməsi azaldılır. Təmsilçilik xərcləri ikitərəfli və çoxtərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif ictimai-iaşə obyektlərində dəvət olunan qonaqların qəbulu, ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması, otaqların icarəyə götürülməsi, masanın bəzədilməsi üçün birdəfəlik istifadə olunan əşyaların alınması, qabların və yemək servis dəstlərinin icarəyə götürülməsi və alınmasına yönəldilə bilər. Bu xərclər hesabına diplomatik nümayəndəliyin rəhbərinin razılığı ilə diplomatik xidmət əməkdaşının mənzilində işgüzar ziyafətlər keçirilə, hədiyyələr (suvenir, güllər və s.) alına və qablaşdırıla, dəvətnamələr və təbrik açıqcaları alına və göndərilə bilər.

Diplomatik xidmət əməkdaşlarının əməkhaqlarına faizlə müəyyən edilmiş təmsilçilik xərcləri ayda bir dəfə hər bir diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən müvafiq qaydada aylıq hesabat forması təqdim edildikdən sonra (təyinatın birinci ayı istisna olmaqla), diplomatik nümayəndəliyin mühasibatlığı tərəfindən əməkhaqqı aldığı müvafiq xarici valyutada ödənilir. Əməkdaş tərəfindən əvvəlki ayda (aylarda) istifadə edilməmiş və ya qismən istifadə edilmiş təmsilçilik xərcinin qalığı sonrakı aylarda istifadə edilə bilər.

Diplomatik xidmət əməkdaşı ödənilmiş təmsilçilik xərcinin istifadəsinə dair hesabatı təqdim etmədikdə, növbəti ay ona təmsilçilik xərclərinin ödənilməsi dayandırılır.

Təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı hər bir diplomatik xidmət əməkdaşı tərəfindən tərtib olunan hesabat formaları maliyyə hesabatları ilə birlikdə diplomatik nümayəndəlik tərəfindən Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti