...

Lənkəran dindarları İsa Qəmbərin səfəri zamanı baş vermiş insidentlə bağlı bəyanat yayıblar

Cəmiyyət Materials 22 Yanvar 2013 13:44 (UTC +04:00)
Lənkəran dindarları Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvarın 13-də bu şəhərə səfəri zamanı baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Lənkəran dindarları İsa Qəmbərin səfəri zamanı baş vermiş insidentlə bağlı bəyanat yayıblar

Azərbaycan, Bakı, 22 yanvar / Trend müxbir M.Əliyev/

Lənkəran dindarları Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvarın 13-də bu şəhərə səfəri zamanı baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatın mətnini təqdim edirik:

"Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvarın 13-də Lənkəran şəhərinə səfəri zamanı baş vermiş insidentdən sonra bu məsələ ilə bağlı olaylarda dindarların adının hallandırılması bizdə dərin təəssüf və narahatlıq hissi doğurur. Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq olan Lənkəran dindarlarını bu cür siyasi məsələlərə cəlb etmək cəhdləri yolverilməzdir.

Sürətlə inkişaf edən, bütün sahələrdə göstəricilərinə, o cümlədən iqtisadi gücünə görə regionun lider dövlətinə çevrilmiş Azərbaycanın uğurları hər bir ölkə vətəndaşı kimi biz dindarları da ürəkdən sevindirir. Şübhəsiz ki, ümummilli Liderimiz Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın bugünkü uğurları ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Təəssüf ki, gənc müstəqil dövlət olan və sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizin uğurlarından narahatlıq keçirən, müxtəlif vasitələrlə bu inkişafın qarşısını almağa çalışan qüvvələr də var. Onlar məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən, hətta dinin və dindarların siyasiləşdirilməsi kimi yolverilməz metodlardan yararlanmağa çalışırlar. Dinin siyasiləşməsi, yaxud siyasi məsələlərə dini don geyindirilməsi və dindarların bu prosesə cəlb olunması dövlətçilik maraqlarımıza, milli-mənəvi dəyərlərimizə zidd olduğu üçün belə cəhdləri və onun arxasında duran bütün şəxsləri şiddətlə qınayırıq.

Bildiririk ki, dinin siyasiləşdirilməsinə çalışan şəxslər nə vətənpərvər siyasətçi, nə də sağlam ruhlu dindar ola bilər. Eyni zamanda bəyan edirik ki, heç bir dini icmanı təmsil etməyən, milli-mənəvi dəyərlərimizə və qanuna zidd əməllərinə görə dindarlar tərəfindən məscidlərdən uzaqlaşdırılan, xarici təsirin regionumuzda vasitəsi kimi tanınan, hazırladıqları müraciətə imzalarını qoymağa cəsarət etməyən bir neçə şəxsin Lənkəran dindarları adından danışması və hansısa siyasi partiyanın rəhbərini şəhərimizə dəvət etməsi qəbuledilməzdir. Lənkəranda fəaliyyət göstərən dini icmalar və onların on minlərlə təəssübkeşi müraciətin məlum siyasi partiya funksionerlərinin diktəsi ilə yazıldığının açıq hiss edildiyini nəzərə alaraq, bunu cəmiyyətdə parçalanma yaratmaq cəhdi, siyasi mübarizədə çirkin vasitə kimi qiymətləndirir və bu cür halları qətiyyətlə pisləyir.

"Məqsəd vasitələrə haqq qazandırır" prinsipini əldə rəhbər tutan dairələr unudurlar ki, dindarlarımız İslamın gerçək mahiyyətini anlayan, milli-mənəvi dəyərlərimizə və dövlətçiliyimizə bağlı, siyasi maraqlarla dini etiqadı fərqləndirən yetkin insanlardır. Azərbaycanda din dövlətdən ayrı olsa da, o cəmiyyətimizin mənəvi sferasını tənzimləyən inanc sistemidir. Biz dindarlar da Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi kimi dini siyasətdən uzaq sayır və onun hər hansı dairələrin əlində siyasi alətə çevrilməsi cəhdini birmənalı şəkildə rədd edirik.

Bir daha bəyan edirik ki, dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə sadiq olan Lənkəran dindarları dövlətimizin din sahəsinə qayğısını, insanların öz etiqadlarına uyğun yaşamaları üçün yaradılmış şəraiti yüksək qiymətləndirir və bu gün Azərbaycan dövlətçiliyinin iradəli irəliləyişinin rəmzi olan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafına yönəlmiş fəaliyyətini dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti