...

Khazar Islands-a daxil olmaq üçün istifadə ediləcək körpü və adalardan biri artıq salınıb

Cəmiyyət Materials 24 Yanvar 2013 13:58 (UTC +04:00)
Süni arxipelaqda inşa olunacaq “Khazar Islands” 3350 hektar sahədən ibarət olan 55 müxtəlif ölçülü adadan və 19 mikrorayondan ibarət olacaq.
Khazar Islands-a daxil olmaq üçün istifadə ediləcək körpü və adalardan biri artıq salınıb

Süni arxipelaqda inşa olunacaq "Khazar Islands" 3350 hektar sahədən ibarət olan 55 müxtəlif ölçülü adadan və 19 mikrorayondan ibarət olacaq. 8 km uzunluğu, 3 km eni olacaq arxipelaqın ümumi sahəsi 24 km2 təşkil edəcək. Bu miqyası təsvir etmək üçün paytaxtın Babək prospektinin uzunluğunun cəmi 4 km olduğunu vurğulamaq kifayətdir.

Layihənin müəllifi - "Avesta Concern" tikinti işlərini 2 il əvvəl başlayıb. Hal-hazırda kompleksə daxil olmaq üçün istifadə olunacaq körpü və adalardan biri artıq salınıb.

Hal-hazırda özündə 40-50 iri yaşayış binasını birləşdirən 4 böyük adadan birinin inşası davam edir. Bu adada 100 000 sakin yaşaya biləcək. Ümumilikdə isə, şəhər 800 000 daimi sakin və 200 000 turist qəbul etmək iqtidarında olacaq. Layihə 2022-2025 illərə kimi 3 mərhələdə inşa ediləcək.

Digər layihələrdən fərqli olaraq, "Khazar İslands"ı 3D şəhər adlandırmaq olar. Kompleksin ən əsas elementinin hündürlüyü - "Azərbaycan Qülləsi" ("Azerbaijan Tower") 1 km-dən artıq, daha dəqiq desək 1050 m olacaq. Qeyd edək ki, ilk öncə binanın hündürlüyü Rusiyanın "Ostankino" qülləsindən 10 m hündür, yəni 551 m nəzərdə tutulurdu, lakin sonradan planları dəyişən "Avesta Concern" dünyanın ən hündür binasını ucaltmaq qərarını verdi.

"Azerbaijan Tower"in 2020-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur.

Hələ ki, "Khazar İslands" "Avesta Concern"in şəxsi hesabına tikilir, lakin bir müddət sonra xarici investorların bu işə cəlb olunması nəzərdə tutulur. Artıq xeyli maraqlanan da var. Bununla bağlı olaraq, yaxın müddətdə potensial investorlarla görüşlər nəzərdə tutulub. Danışıqlar Səudiyyə Ərəbistanda, BƏƏ, Çexiya, Çin, Qətər və s. kimi qabaqcıl ölkələrdə aparılır.

Mənzillərin satışı artıq başlayıb. Burada tikiləcək 250 000 mənzildən hər hansınısa almaq istəyən alıcı Bakı şəhəri Teymur Əliyev küçəsində yerləşən "Avesta Concern"in baş ofisinə müraciət etməkləri yetərlidir. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birlikdə alıcıya təhvil verilir.

Alıcılar mənzilləri 5 illik faizsiz kreditlə əldə edə biləcəklər. Həmçinin 15 illik güzəştli ipoteka təklif olunur (6% illik).

Şəhərə bütün nəqliyyat vasitələri ilə - təyyarə, helikopter, kater və avtomobil ilə gəlmək mümkün olacaq. Adalar arasında gediş gəlişi təmin etmək məqsədilə avtomobillərdən, kater və tramvaylardan istifadə olunacaq. Burada 3 tramvay marşrutu fəaliyyət göstərəcək ki, bunların da hər biri 8 vaqondan ibarət olacaq. Avtomobil yolları elə nəzərdə tutulub ki, işıqforlara ehtiyac olmayacaq, avto və piyada yolları kəsişməyəcək. Hər 250 metrdən bir nəzərdə tutulmuş yeraltı keçidlər isə piyadaların hərəkətini daha da rahatlaşdırmalıdır.

"Khazar İslands"da sosial və əyləncə obyektlərinin sayı baxımından çox zəngin olacaq. Burada bir neçə hektar sahəsi olacaq parklar, 150 km uzunluğu olacaq bulvar kompleksə xüsusi gözəllik verəcək. Demək olar ki, bütün adalarda sosial obyektlər - 150 məktəb, 50 uşaq bağçası, xəstəxanalar, çoxsaylı kinoteatrlar, teatrlar, restoranlar,ticarət mərkəzləri (Mall) fəaliyyət göstərəcək. Binaların ilk 3 mərtəbəsi yaşayış üçün nəzərdə tutulmayıb - müxtəlif ofislər, mağazalar və məişət obyektləri yerləşəcək. 4-cü mərtəbədən başlayaraq artıq mənzillər nəzərdə tutulub.

"Khazar İslands"da yeraltı kollektor sistemi nəzərdə tutulub ki, şəhərin bütün kanalizasiya xətləri burada yerləşəcək. Nəticədə hər hansı bir nasazlıq zamanı hansısa bir yeri qazmağa ehtiyac olmayacaq.

Kompleksdə yerli sakinlərlə yanaşı 200 min turist yaşaya biləcək. Turistlərin cəlb olunması üçün burada hər bir şərait mövcud olacaq - Disney Land, atçılıq üçün cıdır, həmçinin kompleksin bəzəyi olan Ralli trassı. Bundan başqa 10 brend otelin də inşası nəzərdə tutulub.

Yaşayış binalarının əksəriyyəti 25 mərtəbəli olacaq, bəzi adalarda isə 40-60 mərtəbəli binalar da ucaldılacaq. Otellər isə 70-85 mərtəbəlik nəzərdə tutulub. Şəhərin yerləşdiyi yerdə dənizin dərinliyi 9-10 m olacaq. Binalar dəmir - beton konstruksiyali inşa edilir ki, bu da 9 ballıq zəlzələyə dözmək iqtidarındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti