...

Azərbaycanda "Sabahın alimləri" II Respublika müsabiqəsi öz işinə başlayıb

Cəmiyyət Materials 8 Fevral 2013 13:18 (UTC +04:00)
Bu gün Bakıda "Intel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi öz işinə başlayıb.
Azərbaycanda "Sabahın alimləri" II Respublika müsabiqəsi öz işinə başlayıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda "Intel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" II Respublika müsabiqəsi öz işinə başlayıb. Trend-in məlumatına görə, 2 gün davam edəcək müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

Müsabiqənin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirilməsi və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.

Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edir. Müsabiqədə 73 elmi layihə ilə 116 şagird iştirak edir. Həmin layihələrdən 37-si kollektiv, 36-sı isə fərdi şəkildə hazırlanıb.

Keçən ilə nisbətən layihələrin sayı 47-dən 73-ə qədər artıb. Bakıda yerləşən məktəblərdən 34 layihə ilə 52 şagird, Sumqayıt məktəblərindən isə 39 layihə ilə 64 şagird müsabiqəyə buraxılıb.

Müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq. Müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird isə cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək "Intel ISEF" müsabiqəsində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti