...

AMEA prezidenti Mahmud Kərimov I Fəxri xiyabanda dəfn olundu (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2013 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbirlər İ.İsabalayeva, M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov I Fəxri xiyabanda dəfn olunub. Trend-in məlumatına görə, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar, mərhumun yaxınları və dostları iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bazar ertəsi akademik Mahmud Kərimovla vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, saat 15:00-a qədər keçirilən vida mərasimində iştirak etmək üçün ölkənin elm xadimləri, deputatlar və müxtəlif sahələrdə çalışan ziyalılar, sadə vətəndaşlar AMEA-ya gəliblər.

Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan elminin inkişaf etdirilməsi əhəmiyyətli dərəcədə Mahmud Kərimovun adı ilə bağlı olub. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

"Mahmud müəllim Azərbaycan alimləri sırasında özünəməxsus yer tutub. O, 10 ildən çox müddətdə AMEA-ya rəhbərlik edib. Onun bu qurumda fəaliyyəti yüksək qiymətləndirilib. Mahmud müəllim elm təşkilatçısı olmaqla yanaşı, həm də böyük alim idi. Onun çox böyük əhəmiyyət kəsb edən tədqiqatları var idi. Mahmud müəllimi fərqləndirən onun böyük ziyalılığı idi. Çox təəssüf edirik ki, Mahmud müəllim həyatı cavan vaxtında tərk etməli oldu", - Əhmədov bildirib.

Bunu Azərbaycan elmi, ictimaiyyəti üçün böyük bir zərbə, itki sayan Əhmədovun sözlərinə görə, ancaq Mahmud Kərimovun gördüyü işlər davam etdiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov isə deyib ki, insanlar dünyalarını dəyişdikdən sonra daha çox yadda qalmağa başlayırlar.

"Mahmud müəllimlə birgə işlədiyimiz dövrdə biz onu böyük alim, elm təşkilatçısı kimi qiymətləndirmişik. Mahmud müəllim o qədər təvazökar, idarəçilikdə o qədər demokratik insan idi ki... Mahmud müəllimi jurnalistlər də cox sevirdi. Elə bir sual yox idi ki, o, cavab verməsin", - Həşimov deyib.

Azərbaycan elminə, ictimaiyyətinə ağır itki üz verdiyini deyən vitse-prezidentinin sözlərinə görə, Mahmud kimi müəllimlər ölmürlər, onlar yalnız öz dünyalarını dəyişirlər. Onun əməlləri yaşayır və bundan sonra yaşadılacaq.

Xatırladaq ki, AMEA prezidenti Mahmud Kərimov ötən gün vəfat edib. O, qəfil ürəktutmasından dünyasını dəyişib.

Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti