Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/
Bu gün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə və şöbə əməkdaşları pərdə və plyonka ilə idarə edilən avtomobillərə nəzarəti davam etdirir. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, reydlər paytaxtın "Azneft" və Mərkəzi Statistika dairələri, Neftçilər, Atatürk və Tbilisi prospektləri, C.Hacıbəyli, R.Behbudov və A.Bakıxanov küçələri, eləcə də digər istiqamətlərdə davam etdirilir. Saat 14:00-a olan məlumata görə, pərdə və plyonka ilə idarə edildiyinə görə 27 avtomobil müvəqqəti mühafizə olunan duracağa göndərilib.
Nəqliyyat vasitəsini pərdə və pyonka ilə idarə etdiyinə görə 30 sürücüyə inzibati protokol tərtib edilib. Bunlardan 3 sürücü yerindəcə avtomobildəki pərdə və plyonkaları könüllü olaraq söküb. Buna etiraz edənlərin avtomobilləri isə duracaqlara aparılıb.
"Bu istiqamətdə tərəfimizdən təcili tədbirlər yenə davam etdirilir. Açıq etiraf edilməlidir ki, Prezident İlham Əliyevin son çıxışından sonra pərdə və plyonka ilə avtomobil idarə edənlərin sayı azalıb", - Əsədov qeyd edib.
Bununla bağlı Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəri haqqında" qanuna edilən 1 saylı əlavənin tələbi ilə avtomobilin şüşələrinə görünməni məhdudlaşdıran, şəffaflığı korlayan pərdə və plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir.
"Xahiş edirik ki, qanunun tələbi vətəndaşlar tərəfindən yerinə yetirilsin", - bölmə rəisi əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı zamanı avtomobillərdən plyonkaların yığışdırılması tapşırığını verib.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.
Bu hallara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) müvafiq olaraq 50 manat miqdarında cərimə olunurlar. Nəqliyyat vasitələri isə yalnız o nasazlıqlar aradan qaldırıldıqdan və həmin sürücüyə inzibati tənbeh verildikdən sonra mühafizə olunan duracaqlardan buraxılır.
Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.