Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda ötən il inzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Trend-in məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov cümə günü Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən zaman bildirib.
Zahirov deyib ki, 2012-ci il ərzində 8970,4 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub.
Onun sözlərinə görə, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 2011-ci illə müqaisədə 64% çox - 52370 bələdiyyə aktı daxil olub. Bunlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilib, onlıarın qanunauyğunlaşdırılması üçün bələdiyyələrə təkliflər göndərilib.
Nazir müavini bildirib ki, bələdiyyələrdə daha çox qeydə alınan nöqsanlar iclas protokollarının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması, ayrılması nəzərdə tutulan maliyyə vəsaitinin miqdarının qərarda göstərilməməsi, dövlət tərəfindən ayrılan dotasiyaların xərclənməsi ilə bağlı ayrıca qərarın qəbul edilməməsi, torpaq sahəsinin ayrılması ilə əlaqədar qanunda müəyyən edilmiş müvafiq rəylərin aktlarda göstərilməməsi, bələdiyyələrin müvafiq komissiyalarının təkliflərinin bələdiyyə iclaslarında müzakirə olunmaması, torpaq sahəsinin dəyəri ödənilmədən satılması barədə qərarın verilməsidir.
O, eyni zamanda qeyd edib ki, ötən il bələdiyyə büdcəsinə vurulmuş 305 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Hesabata fikir bildirən millət vəkili Siyavuz Novruzov bildirib ki, kiçik bir kənddə 10-12 bələdiyyə üzvü var, onlar bir-birinin işinə mane olur. Onun fikrincə, Türkiyədə bir kənddə 1 və ya 2 nəfər bələdiyyə üzvü olur. Amma Azərbaycanın rayon mərkəzlərində 18 nəfər bələdiyyə üzvü var.
"Belə şey olar? Sonra ortada intriqa yaranır. 9 nəfər icra başçısının tərəfində olur və başlayırlar digərlərinə qarşı mübarizə aparağa. Bələdiyyə sədri seçki yolu ilə seçilməlidir. Bu seçkinin bələdiyyə üzvləri arasında keçrilməsi düzgün deyil, bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidir", - o deyib.
Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat qəbul olunub.