...

Pakistanda nəşr edilmiş kitabda Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edilib

Cəmiyyət Materials 20 Fevral 2013 10:46 (UTC +04:00)
Pakistanda “Azərbaycan və Pakistan – Dostluq və Əməkdaşlığın 20 ili” adlı kitab nəşr edilib.
Pakistanda nəşr edilmiş kitabda Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edilib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Pakistanın Sülh və Demokratiya İnstitutunun direktoru, diplomatik sahədə yazıları ilə seçilən "Diplomatik İnsight" jurnalının təsisçisi və baş redaktoru Məhəmməd Asif Nurun müəllifliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə "Azərbaycan və Pakistan - dostluq və əməkdaşlığın 20 ili" kitabı ingilis dilində çapdan çıxıb.

Trend-in Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytına istinadən verdiyi məlumata görə, 104 səhifəlik kitabın üz qabığında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Pakistanın sabiq Baş naziri Benazir Bhuttonun ölkələrimizin dövlət bayraqlarının fonunda fotoşəkilləri yerləşdirilib.

Kitabın ilk fəsilləri Azərbaycanın qədim, orta əsr və müasir tarixinə həsr edilib. Nəşrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ümummilli liderin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında və dünya ölkələri sırasına qüdrətli bir dövlət kimi daxil edilməsində oynadığı müstəsna rol barədə geniş məlumat verilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin məqamları açıqlanıb.

Nəşrdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən də geniş söhbət açılıb. Həmin fəsildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə respublikamızla yanaşı, Pakistan da daxil olmaqla xarici ölkələrdə həyata keçirilən humanitar layihələr, həmçinin bu fəaliyyətin Pakistan mediasında geniş işıqlandırılması haqqında məlumat verilib.

Kitabda Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti, Bakının rəmzi olan Qız qalası, dahi şair və filosof Nizami Gəncəvinin "Yeddi gözəl" əsəri, Azərbaycan muğamı barədə məqalələr yer alıb.

Azərbaycan-Pakistan münasibətlərinin dinamikasına həsr olunmuş fəsildə iki ölkə arasında 20 il ərzində baş vermiş yüksək səviyyəli qarşılıqlı səfərlərdən bəhs edilir.

Daha sonra kitabda azərbaycanlı professorlar Rövşən İbrahimovun və Əziz Hüseynovun "Pakistan-Azərbaycan - 20 il ərzində özünü doğrultmuş əlaqələr", pakistanlı professor Masum Yasinzayın "Azərbaycan elmi iqtisadiyyat yolunda", Preston Universitetinin rektoru, professor Əbdül Basitin "Azərbaycanın iqtisadi tərəqqisi. Nailiyyətlər və perspektivlər", professorlar Əhməd Malikin, Asiya Maharın, "Diplomatic İnsight" jurnalının baş redaktoru Məhəmməd Asif Nurun ikitərəfli münasibətlərə həsr edilmiş yazıları və həmçinin professor Zahid Ənvər, rumıniyalı tədqiqatçı-alim Lavinia Lupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqalələri yer alıb.

Heydər Əliyev Fondunun Pakistanda gördüyü işlərə xüsusi yerin ayrıldığı nəşrdə Fondun dost ölkədə səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı layihələrə dair ətraflı məlumatlar oxucuların diqqətinə çatdırılıb.

"Diplomatik İnsight" jurnalı tərəfindən nəşr olunmuş kitabda, eyni zamanda, Pakistanın tarixi, mədəniyyəti və siyasətinə dair məqalələrə də yer verilib.

Nəşrdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə görüşünü, 2012-ci il fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilmiş ümumxalq yürüşünü, paytaxtımızın tarixi binalarını, məscidlərini, ölkəmizin tarixi abidələrini, təbiətini, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar tədbirləri əks etdirən çoxsaylı fotolar yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti