...

Təhsil Nazirliyi ötən il 6 saxta diplom aşkarlayıb

Cəmiyyət Materials 12 Mart 2013 10:24 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ötən il diplomların tanınması ilə bağlı təqdim edilmiş sənədlər arasında 119 qeyri-qanuni fakt aşkarlayıb və həmin sənədlərin Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul olunub.
Təhsil Nazirliyi ötən il 6 saxta diplom aşkarlayıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ötən il diplomların tanınması ilə bağlı təqdim edilmiş sənədlər arasında 119 qeyri-qanuni fakt aşkarlayıb və həmin sənədlərin Azərbaycan ərazisində tanınmaması haqqında qərar qəbul olunub.

Trend çərşənbə axşamı Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 6 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Saxta diplomları verən ölkələr arasında Rusiya Federasiyasını, ABŞ-ı və İsveçrəni göstərmək olar.

Ötən il diplomların tanınması və nostrifikasiyası ilə əlaqədar Təhsil Nazirliyinə 1623 müraciət daxil olub. Müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya və Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib.

Eyni zamanda Təhsil Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində xarici ölkələrdə ali təhsil diplomları əldə etmiş vətəndaşların təhsil müddətində dövlət sərhədindən keçmə faktları "Giriş-çıxış" avtomatlaşdırılmış məlumat axtarış sisteminin bazasında qeydə alınmaması və ya qısa müddət ərzində qeydiyyata alınmasını (həmin ölkələrdə bir neçə gün keçirməklə) sübuta yetirmək mümkün olub. Həmin məlumatlara və ekspertlərin vətəndaşlarla keçirdiyi görüşlərə əsasən məlum olub ki, onlar arasında çoxlu sayda formal ali təhsil almış, savadsız və ixtisası haqqında məlumatı olmayan insanlar da var.

Həmçinin mənfi cavab alanlar respublika ərazisində qanunsuz fəaliyyət göstərən xarici ölkələrin ali təhsil müəssisələrinin (məntəqə və filiallar) məzunlarıdır. Onların fəaliyyəti Azərbaycan Respublikasının 1 saylı yerli İqtisad Məhkəməsinin qərarlarına əsasən dayandırılıb. Mənfi cavab alanların arasında 78 nəfər - Rusiya, 34 nəfər Gürcüstan, 6 nəfər Ukrayna, 1 nəfər Qırğızıstan ali məktəbinin məzunu var.

Ümumiyyətlə, son bir il ərzində 1373 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətnamələrin verilməsi haqqında qərarlar qəbul edilib. Şəhadətnamə alanlardan 572 nəfər Rusiya, 206 nəfər Türkiyə, 206 nəfər İran, 94 nəfər Gürcüstan, 90 nəfər Ukrayna, 44 nəfər Böyük Britaniya, 28 nəfər Qazaxıstan,19 nəfər ABŞ, 15 nəfər Almaniya, 12 nəfər Qırğızıstan, 12 nəfər Çin, 11 nəfər Özbəkistan, 5 nəfər İraq, 5 nəfər Misir, 5 nəfər Belarus, 5 nəfər Macarıstan və s. ölkələrin məzunlarıdır.

Diplomların tanınması ilə bağlı müraciət etmiş 131 vətəndaşın işlərinə bu günə kimi sektor tərəfindən baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti