...

Təhsil Nazirliyi orta məktəblərdə kurikulum üzrə qiymətləndirmə keçirəcək

Cəmiyyət Materials 12 Mart 2013 14:59 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi aprel ayının sonlarında ümumtəhsil məktəblərində kurikulum üzrə qiymətləndirmə keçirəcək.
Təhsil Nazirliyi orta məktəblərdə kurikulum üzrə qiymətləndirmə keçirəcək

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi aprel ayının sonlarında ümumtəhsil məktəblərində kurikulum üzrə qiymətləndirmə keçirəcək. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva bildirib.

Onun sözlərinə görə, kurikulum qiymətləndirməsi nəticəsində şagirdlərin nailiyyətlərinin təhsilə qoyulan tələbə nə dərəcədə cavab verə bilməsi, eyni zamanda, potensial imkanları öyrəniləcək. Daha sonra isə bu sahədə təkmilləşdirilməsi vacib hesab edilən məsələlərlə bağlı təkliflər hazırlanaraq nazirliyin rəhbərliyinə təqdim ediləcək. Növbəti illərdə zərurət olarsa, bu təkliflər əsasında məzmun və standartlarda müvafiq dəyişikliklər aparıla bilər.

Azərbaycanda artıq 5-ci ildir ki, yeni kurikulumun tətbiq edildiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, kurrkulum hər 4 ildən bir qiymətləndirilməlidir. Bu qiymətləndirməni aparmaq üçün şagridlər tədris proqramının heç olmasa 80 faizini mənimsəməlidirlər. Ona görə də qiymətləndirmə tədris ilinin sonunda aparılır.

Hacıyeva əlavə edib ki, bu dərs ilinin aprel ayında həm də digər bir istiqamətdə qiymətləndirmə aparılacaq. Bu, milli qiymətləndirmə tədqiqatıdır. Milli qiymətləndirmənin pilot mərhələsi artıq başa çatıb. Aprelin ortalarından isə Azərbaycanın ümumtəhsil sistemində milli qiymətləndirməmin əsas mərhələsinə start veriləcək. Milli qiymətləndirmənin əsas mərhələsində ölkə üzrə seçimiş təxminən 300 məktəb iştirak edəcək. Pilot mərhələdə milli qiymətləndirmə həmin seçilmiş məktəblərin 20 faizi cəlb edilməklə keçirildiyi halda, əsas mərhələdə artıq hədəf seçilmiş bütün məktəblər iştirak edir.

Hacıyenin sözlərinə görə, milli qiymətləndirmə rəsmi, şagirdlərin yalnız biliyini, bacarığını yoxlayan qiymətləndirmə deyil. Bu, tədqiqatdır və şagirdin biliyinin qiymətləndirilməsinə, onun hər hansı təhsil sənədi almasına aidiyyəti yoxdur.

Nazirlik rəsmisi bildirib ki, milli qiymətləndirmədə müxtəlif vasitələrdən istifadə etməklə ümumilikdə ölkənin təhsil sisteminin vəziyyəti öyrənilir.

"Sinifdaxili, məktəbdaxili qiymətləndirmələrdə, buraxılış, qəbul imtahanlarında şagirdin fənlə bağlı bilik, bacarığı yoxanılır. Ancaq burada belə deyil. Burada, ilk növbədə, şagirdlərə sorğular verilir. Onları məktəbdənkənar fəaliyyəti, ailə vəziyyəti, ailədə uşağın təhsilinə nə dərəcədə diqqətin ayrılması kimi məsələlərlə bağlı, ümumiyyətlə, şagird, müəllim, məktəb, ailə, mühit, dərslik və s. ilə bağlı maraqlandıran digər problemlə əlaqədar sorğular təqdim olunur", - Hacıyeva deyib.

O qeyd edib ki, milli qiymətləndirmə adətən 2 fənn - Azərbaycan dili və riyaziyyat fənləri üzrə aparılır. Bu zaman şagirdin özündən başqa, onun valideyni, müəllimi, məktəb rəhbəri də soğruya cəlb edilir. Nəticədə təhsildə çatışmazlıqları aradan qaldırmaq üçün həlli vacib olan məsələlər, perspektivlər müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti