...

Aslan Aslanov: Qloballaşan dünya mass-mediada yeni trendlər yaradır

Cəmiyyət Materials 30 Mart 2013 00:04 (UTC +04:00)
Müsahibimiz Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanovdur.
Aslan Aslanov: Qloballaşan dünya mass-mediada yeni trendlər yaradır

Müsahibimiz Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanovdur

- Aslan müəllim, son illər elmin, texnologiyanın sürətli inkişafı cəmiyyət həyatının bütün sahələrində mühüm dəyişikliklərə səbəb olmuşdur. Siz bu sahədə bir sıra araşdırmaların müəllifisiniz. Sizcə bu dəyişikliklər jurnalistikanın arxitekturasında hansı yeniliklərə yol açmış, hansı nəticələr doğurmuşdur?

- Yeni minillikdə dünya inkişafının paradiqmasında ciddi dəyişikliklər müşahidə olunur. İndi jurnalistikaya dair elə terminlər eşidirik ki, yaxın keçmişdə həmin terminləri təsəvvürə gətirmək belə çətin idi. Bu, o deməkdir ki, dünya dəyişir və onunla birlikdə biz də dəyişirik. Təbii ki, bu dəyişikliklər vektorunda elmin və texnologiyanın sürətli inkişafı mühüm rol oynayır. Bu inkişaf bütün sahələrdə olduğu kimi, jurnalistikanın da qarşısında yeni tələblər, çağırışlar qoymuş, geniş üfüqlər açmışdır.

İnternet də daxil olmaqla müasir texnologiyaların yaradılması və tətbiqi KİV-lərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Artıq XXI əsrdə müasir jurnalistikanın arxitekturası əvvəlki dövrdəkindən olduqca fərqlənir. İnternet, podkaslar, mobil rabitə, VOİP-telefonlaşdırma, mikrobloqqing, iPhone bazasında videorabitə, sosial şəbəkələrin və kommunikasiya vasitələrinin bir sıra başqa formaları çox qısa müddətdə gündəlik həyatımıza daxil olmuşdur. İndi insanların çoxu bu imkandan tam istifadə edir. Beləliklə, medianın strukturu əsaslı surətdə mürəkkəbləşmişdir.

Əvvəllər ən çox inkişaf etmiş ölkələrdə müəyyən fikir üç, yaxud dörd iri televiziya kanalında, bir neçə populyar radiostansiyada translyasiya ediləndə, bir neçə qəzet bu barədə yazanda bu, ictimai rəy hesab edilirdi. Bu gün isə artıq heç bir inhisarçı yoxdur. Kontentin yaradılmasında iştirak etmək arzusunda olan hər bir insan, sözün hərfi mənasında, hər kəs bu işdə iştirak edə bilər. İndi xəbər hazırlamaq üçün media maqnatı, jurnalist və ya redaktor olmaq heç də mühüm şərt deyildir. Hazırda üstünlük təşkil edən informasiya trendlərinin formalaşmasına internetin milyonlarla istifadəçisi güclü təsir göstərir. Sadəcə təsir göstərmir, çox vaxt bu trendləri olduqca ziddiyyətli şəkildə formalaşdırır. Prinsip etibarilə indi internetin hər bir istifadəçisi dünyaya elə informasiya yaymaq şansına malikdir ki, bu xəbər mövcud reallıqları əsaslı surətdə dəyişə bilər.

Beləliklə, sosial media yeni imkanlar yaratmaqla yanaşı, həm də yeni təhdidlər doğurur. Məhz belə şəraitdə bu günün jurnalistikasının, xüsusən də xəbər agentliklərinin qarşısında duran əsas məsələ hər bir insanın həyatının ayrılmaz hissəsinə çevrilmiş internetlə, sosial şəbəkələrlə qarşılıqlı fəaliyyətdə olmaq və eyni zamanda, informasiyanın əsas təchizatçısı rolunu qoruyub saxlamaqdır.

Bu gün dünya jurnalistikasında ən çox müzakirə olunan mövzulardan biri bəşəriyyətin bu yaxınlarda qədəm qoyduğu yeni minilliyin çağırışlarına bütün cəmiyyətlərin hazır olub-olmaması məsələsidir. İndi jurnalistikanı düşündürən əsas sual odur ki, XXI əsrdə müasir medianı nə gözləyir? Jurnalistika arealında meydana çıxan yeni trendlər, eləcə də ənənəvi medianın müasir çağırışlara cavab verməsi nəhəng informasiya agentlikləri ilə yanaşı, müxtəlif beynəlxalq forumların da gündəliyinin əsas mövzularından birinə çevrilmişdir. Ötən ilin iyulunda Moskvada "Dünya mediası: XXI əsrin çağırışları" devizi altında keçirilən Ümumdünya Media Sammitinin, oktyabrda İkinci Bakı Beynəlxalq Humanitar Forumunun, noyabrın 29-da Tokioda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 34-cü iclasının, bu il fevralın 25-də Bakıda AzərTAc-ın ev sahibliyi ilə təşkil edilən Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XVI iclasının əsas müzakirə mövzularından biri də məhz bu məsələ olmuşdur.

- Ənənəvi media ilə müqayisədə sosial jurnalistikanın əsas üstünlüyü nədən ibarətdir?

- Xəbər istehsalının və çatdırılmasının tamamilə yeni bir növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, sosial medianın ənənəvi medianı get-gedə üstələməsi dünya informasiya nəhənglərini ən çox narahat edən mövzulardandır. Səbəb odur ki, texnoloji inkişaf nəticəsində yeni yaranan sosial jurnalistika sürətlə inkişaf etməkdədir. İnsanlar innovasiya texnologiyalarının yeniliklərindən çox ağılla, dərrakə ilə istifadə edərək artıq özləri bir-birilərinə müxtəlif janrlı - həm görüntülü, həm səsli, həm də infoqrafik xəbərlər göndərir, özləri bir-biriləri ilə xəbərləşirlər. Etiraf edək ki, ənənəvi media bu operativlikdən xeyli geri qalır. Daha operativ olması, xəbər istehsalına hər kəsin qatılması, informasiyanın daha rahat və sürətlə yenilənə bilməsi, bir sözlə, hər kəsin jurnalist ola bilməsi imkanı sosial medianın ənənəvi mediadan üstünlüyünü artırır. Əvvəllər peşəkar KİV-lər üçün mətnlərin, fotoşəkillərin, videosüjetlərin hazırlanmasında jurnalistikadan uzaq olan qeyri-peşəkarlar heç vaxt bu dərəcədə iştirak etmirdilər. Belələrini hətta həvəskar və ya ştatdankənar müxbirlər də adlandırmaq düzgün deyildir. Onlar adi oxucular və tamaşaçılardır. Lakin, necə deyərlər, lazımi vaxtda lazımi yerdə olmuş, bəzən özlərindən asılı olmadan bu və ya digər hadisənin şahidinə çevrilmiş bu adamlar həmin məlumatı müəyyən üsulla əks etdirərək sosial şəbəkələrdə yerləşdirirlər. Xəbər agentlikləri müəyyən fakt barədə yenicə xəbər tutduğu halda, hadisənin şahidi artıq onu "YouTube" və ya "Facebook" vasitəsilə yayır. Beləliklə, bu cür müəlliflər peşəkar reportyorlardan daha operativ olurlar.

Lakin sosial jurnalistikanın çox təhlükəli cəhəti də vardır, bu, əsasən, faktın qeyri-dəqiqliyi ilə bağlıdır. Odur ki, ənənəvi medianın gələcəkdə də mühüm əhəmiyyəti olacaq, son xəbərlər isə indiki rolunu qoruyub saxlayacaqdır. Məhz buna görə xəbərlər sektorunun nümayəndələri kimi biz çalışırıq ki, dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya yaradaq və onu istehlakçıya dərhal çatdıraq. Müasir dövrdə yüksək texnologiyaların tətbiqi bu məqsədə nail olmağa və cəmiyyəti ən qısa vaxtda planetin ən müxtəlif nöqtələrindən xəbərlərlə tanış etməyə imkan verir. AzərTAc bu istiqamətdə çox iddialı proqram hazırlayıb həyata keçirir. Bunu multimedia proqramı da adlandırmaq olar. Bu proqramın trendlərini sosial şəbəkələrlə iş, multimedia və videoxəbərlər, görüntülü və səsli slaydşoular, infoqrafika məhsulları təşkil edir.

- Siz multimedia barədə danışdınız. Bu xidmət xəbər agentliyinin fəaliyyətində hansı yeniliklərə yol açmışdır?

- Son vaxtlar multimedia xəbər agentliklərinin gündəlik həyatının reallığına çevrilmişdir. Maraqlıdır ki, "multimedia" termini təxminən yarım əsr bundan əvvəl yaranmışdır. Bu termin o vaxt tamam başqa məna daşıyırdı. Keçən əsrin axırlarında isə yeni, müasir anlama yaxın məna kəsb etmişdir. "Multi" sözü "çoxsaylı", media isə müxtəlif informasiya vasitələrinin məcmusu deməkdir. Bizim zəmanədə multimedia informasiyanın yaradılmasının və yayılmasının müxtəlif formalarından eyni vaxtda istifadə edilməsi deməkdir.

İnternetin bugünkü istifadəçiləri artıq yeni multimedia inqilabının mərkəzindədirlər. İnformasiya agentliyinin arsenalında mətnli məlumatlarla yanaşı, video və audioxəbərlərin də olması artıq heç kəsi təəccübləndirmir. Əksər xəbər agentliklərinin, o cümlədən AzərTAc-ın veb-saytına daxil olanda informasiya materiallarının bu növünün toplandığı bölmələri görmək olar. Həmin agentliklərin çoxu videomaterialların yayılmasında müxtəlif, məsələn, "YouTube" kimi ixtisaslaşdırılmış videoportalların resurslarından istifadə edir. Hazırda gün ərzində "YouTube"da AzərTAc-ın orta hesabla 4-5 videomaterialı yer alır.

Agentliyimizin multimedia studiyasında siyasətdən başlamış idmana və hava haqqında məlumata qədər müxtəlif mövzularda xəbərlər hazırlanır. Studiyada bütün sutka ərzində xəbərlər istehsal edilir. Bura əsl xəbərlər konveyeridir. Studiya fasiləsiz işləyir və xəbərlər ləngidilmədən buraxılır. Xəbərlərin yayılmasının elektron və ənənəvi formalarını əlaqələndirən agentliklər bu gün məhz belə işləyir. Belə studiyalarda informasiya müxtəlif media vasitələrində yaradılır və dərhal yayılır.

Multimedia studiyasının dizaynı da az əhəmiyyət kəsb etmir. Lakin hər halda bu, başlıca şərt deyildir. Dizayn yenilənmənin yalnız bir hissəsidir. İlk növbədə, jurnalistin peşə mədəniyyəti və onun işə yanaşması dəyişməlidir. Multimedia texnologiyaları dövründə əsas məqsəd kommunikasiyaları təkmilləşdirmək, xəbərin yaradılmasını və onun auditoriyaya çatdırılmasını sürətləndirməkdir. Bu, bir tərəfdən hər bir jurnalistin fərdi işi, digər tərəfdən ümumi studiyada kollektiv halında iş deməkdir.

- Müasir jurnalistika arxitekturasının tələblərinə cavab vermək istiqamətində AzərTAc hansı yenilikləri tətbiq edir?

- Qeyd etdiyiniz kimi, müasir jurnalistikanın həyatında yaşanan yeniliklər bütün xəbər agentliklərində olduğu kimi, AzərTAc-ın da qarşısında yeni tələblər qoymuşdur. Azərbaycanın ən qocaman xəbər agentliyi olan AzərTAc-ın son onillikdə bu istiqamətdə keçdiyi təkamül yolu bu tələblərdən irəli gəlmişdir. Agentliyimizdə hamı çox yaxşı bilir ki, xəbərin aktuallığı onun təzə olmasındadır. Buna görə də informasiyanın istehlakçılara çatdırılma sürəti olduqca vacibdir.

Agentliyimizdə həyata keçirilən struktur yeniliklərindən biri də sosial şəbəkələrlə iş şöbəsinin yaradılmasıdır. Bu strukturun fəaliyyətə başlaması nəticəsində "Twitter" və "Facebook" sosial şəbəkələrində agentliyin səhifələri açılmışdır. İl ərzində hər gün həmin sosial şəbəkələrdə müxtəlif dillərdə informasiyalar, fotolar, videolar və infoqrafikalar yerləşdirilir. Məhz bu tədbirlərin nəticəsində artıq AzərTAc-ın oxucularının getdikcə daha çox hissəsi yeniliklərdən agentliyimizin "Twitter" və "Facebook" profilləri vasitəsilə xəbər tutur. Halbuki bir neçə il bundan əvvəl digər böyük agentliklər kimi, AzərTAc-ın da sosial şəbəkələrdə özünə möhkəm mövqe qazanacağını heç kim ağlına gətirməzdi.

Bununla yanaşı, bir neçə il bundan əvvəl agentliyimizdə multimedia və videoxəbərlər şöbəsi yaratdıq. Multimedia və videoxəbərlər şöbəsi informasiya buraxılışını əsasən video, səsli, şəkilli xəbərlər və infoqrafika janrlarında həyata keçirir. Videolar əsasən, süjet, şərhsiz, müsahibə, reportaj və illüstrasiya formalarında işlənir. Vizual xəbərlərin keyfiyyəti AzərTAc-ın multimedia məhsullarından yararlanmaq istəyən tərəfdaşların sayını artırmışdır.

Göründüyü kimi, XXI əsrdə jurnalistika həmişəkindən daha çox operativlik meydanına çevrilmişdir. Hər bir informasiya agentliyi inkişaf vektorunu müəyyənləşdirmək, real nəticələrə hesablanmış hədəfləri dəqiqləşdirmək zərurəti ilə üzləşərək tarixi təcrübə, reallıq və perspektivlər prizmasından onlara düzəlişlər edir.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin modernləşmə strategiyasının əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bu strategiya ilə Prezident İlham Əliyev informasiya cəmiyyətinə keçid mərhələsini uğurla başa çatdırmaq üçün ölkənin intellektual ehtiyatlarını səfərbər etməyi qarşıya məqsəd qoymuş, beynəlxalq ictimai rəydə innovasiya texnologiyaları dövrünün dövlət başçısı kimi tanınmışdır.

Azərbaycanın yeni texnologiyalar erasına qədəm qoyması Prezident İlham Əliyevin "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2010-cu il 22 aprel tarixli Sərəncamında da xüsusi qeyd olunur: "Son illər Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və demokratik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Qlobal informasiya məkanında mühüm dəyişikliklər baş verdiyi, yeni informasiya texnologiyalarının geniş tətbiq olunduğu müasir dövrdə Azərbaycan haqqında obyektiv məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması və dünyada baş vermiş hadisələr barədə cəmiyyətimizin hərtərəfli məlumatlandırılması kütləvi informasiya vasitələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini tələb edir". AzərTAc fəaliyyətini məhz bu istiqamətdə davam etdirir.

- Cənab Prezidentin Sərəncamından gətirdiyiniz sitatda Azərbaycan haqqında obyektiv məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması və dünyada baş vermiş hadisələr barədə cəmiyyətimizin hərtərəfli məlumatlandırılması məsələsi vurğulanır. Prezident seçkiləri ilində aktuallığı daha da artan bu vəzifənin həyata keçirilməsində agentliyinizin prioritetləri barədə nə deyərdiniz?

- Qlobal informasiya məkanında daha geniş təmsil olunmaq, Azərbaycan haqqında informasiyanın yayılma coğrafiyasını genişləndirmək, dünyada baş verən yeniliklər barədə cəmiyyətimizi hərtərəfli məlumatlandırmaq AzərTAc-ın fəaliyyətinin prioritet istiqamətləridir. Agentliyimiz üzv olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Beynəlxalq İslam Xəbərlər Agentliyi (İİNA) kimi regional qurumlarla əlaqələrindən istifadə edərək, Azərbaycan haqqında informasiyaları həmin təşkilatların internet resursları vasitəsilə daha geniş arealda yayır. Rəqəmlər yorucu olsa da, fəaliyyətimizin əsas göstəricisi kimi deyə bilərəm ki, 35 ölkənin 44 informasiya agentliyinin üzv olduğu OANA-nın saytında təkcə ötən il AzərTAc-ın Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrinə dair 4507 xəbəri, 615 videosu və 527 fotosu yer almışdır. OANA-nın İcraiyyə Komitəsinin Tokioda keçirilən 34-cü iclasında bu mötəbər informasiya resursunda ən çox AzərTAc-ın videomateriallarının yerləşdirilməsi xüsusi vurğulanmışdır. OANA-nın saytında AzərTAc-ın ən çox Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən tədbirlərə dair materialları, eləcə də ictimai-siyasi, iqtisadiyyat, mədəniyyət, elm və təhsil, hərbi iş və hüquq, idman xəbərləri və s. yerləşdirilmişdir.

AzərTAc-ın xəbərlərinin geniş yer aldığı informasiya resurslarından biri də hazırda agentliyin sədrlik etdiyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) saytıdır. Ötən il bu saytda AzərTAc-ın 2757 informasiyası yerləşdirilmişdir. Hər gün agentliyin ən azı 8-10 xəbəri BSANNA-nın saytının baş səhifəsinə çıxarılır. Eyni zamanda, saytda AzərTAc-ın fotoları da mütəmadi olaraq yerləşdirilir.

Hazırda AzərTAc MDB Ölkələri Milli İnformasiya Agentlikləri Alyansının (ANİA) saytı vasitəsilə də informasiyalar yayır. Son bir ildə ANİA-nın internet resursunda AzərTAc-ın 3975 informasiyası və 907 fotosu yer almışdır.

AzərTAc daha bir beynəlxalq qurumla - İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin 40-dan çox xəbər agentliyini özündə birləşdirən Beynəlxalq İslam Xəbərlər Agentliyi (İİNA) ilə də sıx əməkdaşlıq əlaqəsi qurmuşdur. Son bir ildə AzərTAc-ın xarici saytlarda yerləşdirilən materiallarının sayı iki dəfə artmışdır. Ümumiyyətlə, son bir ildə AzərTAc-ın üzv olduğu regional qurumların elektron resurslarında 11439 xəbəri, 1555 fotosu və 840-dək videomaterialı yerləşdirilmişdir.

Agentliyimiz beynəlxalq əlaqələrin coğrafiyasını ikitərəfli formatdan da istifadə edərək müntəzəm surətdə genişləndirir. Hazırda AzərTAc-ın 30 ölkənin milli informasiya agentliyi ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi vardır və bu çərçivədə ingilis, alman, fransız, ərəb və rus dillərində intensiv xəbər mübadiləsi aparılır.

Dünya mətbuatında Azərbaycan haqqında verilən məlumatların axtarışı, bu barədə informasiyaların hazırlanması və yayılması həm sosial şəbəkələrlə iş şöbəsinin, həm də agentliyimizin 17 ölkədəki xüsusi müxbirlərinin daim diqqətdə saxladıqları vəzifədir.

Agentliyin xarici ölkələrdə fəaliyyət göstərən xüsusi müxbirlərinin səyləri nəticəsində bir çox nüfuzlu KİV-lərdə Azərbaycan haqqında yazılar nəşr etdirilmişdir. Almaniya üzrə xüsusi müxbir V.Seyidovun bu ölkənin "Wostok", ABŞ-ın "Journal of Muslim Minority Affairs" elmi jurnallarında, Macarıstan üzrə xüsusi müxbir P.Qarayevanın HVG jurnalı və http://barikad.hu/, http://www.newsmill.se internet resurslarında, Baltikyanı ölkələr üzrə xüsusi müxbir N.Hüseynovanın "Балтийское обозрение" qəzetində, Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbir Z.Ağazadənin "Ukrinform" agentliyinin saytında və "AvtoBiznesTur" jurnalında, Özbəkistan və Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir Q.Kəngərlinin Bişkekdə nəşr olunan "Türkel" qəzeti və Almatıdakı "türkelpress.com" internet qəzetində, Rusiya üzrə xüsusi müxbir A.Hacızadənin "Трибуна" və "Азербайджанский конгресс" qəzetləri, "Вестник Кавказа" internet nəşri, www.100lichnost.ru və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) saytında, Gürcüstan üzrə xüsusi müxbir İ.Əliyevin "Axali taoba" qəzetində, Türkiyə və ərəb ölkələri üzrə xüsusi müxbir O.Bayramovun "Milliyət" qəzetində, İran üzrə xüsusi müxbir S.Hacıyevin "Əfkar" qəzeti və Tehran Universitetinin rəsmi www.ccsi.ir saytında, www.azerbaycancumhuriyyeti.ir internet resursunda müntəzəm olaraq Azərbaycanda demokratik dövlət quruculuğu, sürətli sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərdən bəhs edən məqalələri dərc olunmuşdur ki, bunlar da oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Qarşıdan ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi və prezident seçkiləri gəlir. Müasir müstəqil Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirən Ulu Öndərimizin yubileyinin layiqincə qeyd edilməsi, ölkəmiz üçün taleyüklü məsələ olan prezident seçkilərinə hazırlıq kampaniyasının və onun yüksək səviyyədə keçirilməsinin informasiya təminatında AzərTAc qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Xəbər lenti

Xəbər lenti