...

Bakıda dövlət rəmzlərini təbliğ edən tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2013 11:13 (UTC +04:00)
Bakıda “Dövlət rəmzlərimizi sevək və sevdirək” mövzusunda tədbir keçirilib.
Bakıda dövlət rəmzlərini təbliğ edən tədbir keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.Mehdiyev /

Bakıda "Dövlət rəmzlərimizi sevək və sevdirək" mövzusunda tədbir keçirilib.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyindən (TUMİB) Trend-ə verilən məlumata görə, tədbir birliyin "Azərbaycan Gəncliyi 2011- 2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq həyata keçirdiyi, Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələş­dirilən, "Tələbələr arasında Dövlət rəmzlərinin təbliği" adlı layihə çərçivəsində baş tutub.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektoru, dosent Zəfər Bayramov, tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, TUMİB sədri Çingiz Bayramov, TUMİB üzvü Cabir Dövlətzadə və Birliyin "Gənclər Mərkəzinin" rəhbəri Aidə İmamova çıxış edərək layihənin aktuallığından danışıb, gəncləri bu işdə fəal olmağa çağırıblar.

Bildirilib ki, layihənin məqsədi Azərbaycanın gələcəyi olan gənclərin dövlət atributlarına - bayraq, gerb və himnə sevgisini artırmaq, onlara vətənpərvərlik hissləri aşılamaqdır.

Tədbir iştirakçıları bildirib ki, dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğu əks etdirir. Dövlət yaradan xalq, ilk növbədə, onun atributlarını təsis edir.

Tədbirdə dövlət rəmzlərimiz barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.

Tələbələrdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edən bu cür tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Tədbirin sonunda iştirak edən tələbələr TUMİB tərəfindən diplomla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti