...

Rusiyanın turizm şirkətləri üçün Azərbaycan üzrə infotur davam edir

Cəmiyyət Materials 6 May 2013 14:29 (UTC +04:00)
Rusiyanın turizm şirkətləri Azərbaycan üzrə infoturu davam etdirirlər. Trend-in məlumatına görə, "AtaTravel" MMC-nin dəvəti ilə Rusiyanın təqribən 30 turizm şirkətinin nümayəndələri mayın 3-8-də Bakı-Qəbələ-Naftalan-Gəncə marşrutu üzrə infoturda iştirak edirlər.
Rusiyanın turizm şirkətləri üçün Azərbaycan üzrə infotur davam edir

Azərbaycan, Bakı, 6 may/Trend, müxbir M. Əliyev/

Rusiyanın turizm şirkətləri Azərbaycan üzrə infoturu davam etdirirlər. Trend-in məlumatına görə, "AtaTravel" MMC-nin dəvəti ilə Rusiyanın təqribən 30 turizm şirkətinin nümayəndələri mayın 3-8-də Bakı-Qəbələ-Naftalan-Gəncə marşrutu üzrə infoturda iştirak edirlər.

Bununla əlaqədar mayın 5-də "Excelsior Hotel" hotelində mətbuat konfransı keçirilib. Mətbuat konfransında "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev, "AtaTravel" MMC-nin baş direktorunun müavini Ərtoğrul Qafarov, "AtaHolding" ASC-nin Kommunikasiyalar şöbəsinin müdiri Dilarə Zamanova, "Qoryaçiye turı Rossiyi" şirkətinin nümayəndəsi Əli Qəniyev və "Mars Travel Rossiya" şirkətinin baş direktoru Azər Məmmədov iştirak ediblər.

"Hazırda Azərbaycanda turizm sahəsi dinamik inkişaf edir, il-ildən bu sahədə dövriyyənin göstəricisi artır. Ölkədə turizm üzrə xüsusi dövlət proqramı qəbul edilib və "Turizm ili" elan edilib. Ölkədə ilk dəfə təşkil edilən bu irimiqyaslı infotur bilavasitə Rusiyanın turizm şirkətlərinin Azərbaycana cəlb edilməsinə istiqamətlənib. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın böyük turizm potensialı var, lakin hazırda həmin potensial sonadək istifadə edilmir. İnfoturumuza cəlb edilmiş 30 şirkət ümumilikdə Rusiyanın 600-dən artıq turizm firmasının maraqlarını təmsil edir. Buna görə də ölkımizə marağın artmasını və turistlərin axının artmasını gözləyirik", - Ərtoğrul Qafarov deyib.

Əli Qəniyevin fikrincə, təşkil edilmiş infotur tərəfdaş olan turizm şirkətlərinin potensialı, ölkənin bütün üstünlükləri, görməli yerləri və kurortları ilə yerindəcə tanış olmaq üçün gözəl fürsətdir: "Bu, gələcəkdə həmin istiqamətləri müştərilərə daha fəal təklif etməyə imkan verəcək. Azərbaycanın turizm sahəsindəki müsbət dəyişikliklər, dövlət dəstəyi və özəl sektorun turizm biznesində fəal iştirakı infoturun iştirakçılarında böyük təəssürat yaradıb".

Onun sözlərinə görə, müasir turistlər daha tələbkar olublar, onlara turun neçəyə başa gəlməsi və səfərin digər təfərrüatlarını bilmək çox vacibdir.

"Mars Travel Rossiya" şirkətinin baş direktoru Azər Məmmədov deyib: "Yerlərdə bilavasitə vəziyyətlə tanış olmadan turizm şirkətləri müştərilərə zəmanətli şəkildə xidmətlər göstərə bilməzlər. Bu baxımdan infoturun təşkili turoperatorlara böyük köməkdir".

Mətbuat konfransında infoturun yekunları barədə geniş məlumat təqdim edilib. Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti