Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşı Vaqif Köçəri oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Abdullayev 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, xidmətin Xəzər rayon idarəsinin sürücü-müfəttişi kimi rəsmiləşdirilib, faktiki olaraq Xəzər rayonunun Türkan qəsəbəsi üzrə həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların sənədlərinin qəbulunu və bununla bağlı vəzifəli şəxsin digər səlahiyyətlərini həyata keçirən Vaqif Abdullayev Bakı şəhər sakininin yaxın qohumunun çəkisi və boyunun aşağı olmasına görə hərbi xidmətə yararsız olması ilə əlaqədar təkrar müayinədən keçirilməsi və dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında hərbi biletin verilməsi müqabilində sonuncudan 600 manat məbləğində rüşvət tələb edib.
İdarənin əməkdaşları tərəfindən 30 yanvar 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vaqif Abdullayev xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Vaqif Abdullayevin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi aldığı 600 manat məbləğində pul, ayrı-ayrı vətəndaşların adına olan şəxsi işlər və şikayətçinin qohumuna məxsus hərbi bilet maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.
O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rüşvətxorluqda təqsirləndirilən əməkdaşı Vaqif Köçəri oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.