...

Şərqşünaslıq İnstitutunun yeni aşkarladığı xəritədə Azərbaycanın əraziləri erməni əraziləri kimi təqdim edilib

Cəmiyyət Materials 21 May 2013 14:54 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun yeni aşkarladığı xəritədə Azərbaycanın öz əraziləri Azərbaycanın işğalı altında olan erməni əraziləri kimi təqdim edilib.
Şərqşünaslıq İnstitutunun yeni aşkarladığı xəritədə Azərbaycanın əraziləri erməni əraziləri kimi təqdim edilib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun yeni aşkarladığı xəritədə Azərbaycanın öz əraziləri Azərbaycanın işğalı altında olan erməni əraziləri kimi təqdim edilib. Trend-in məlumatına görə, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva jurnalistlərə deyib ki, bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərindən ermənilərin qədim Azərbaycan torpaqları ilə bağlı daha bir iddiasını açıq şəkildə göstərən xəritə aşkarlayaraq ölkəyə gətiriblər.

Yeni aşkarlanan xəritədə Azərbaycanın öz əraziləri Azərbaycanın işğalı altında olan erməni əraziləri kimi təqdim edilir. Həmin ərazilər ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından sonrakı Azərbaycan əraziləri-Gəncə, Bərdə və digər rayonlardır:

"Ermənilər zaman-zaman Azərbaycan torpaqlarını erməniləşdiriblər. Həmin xəritədə bu, cox aydın şəkildə öz əksini tapıb. Xəritəyə baxanda görürsən ki, onların hələ nə qədər böyük planları var. Xəritədə müxtəlif ərazilər müxtəlif rəngdə göstərilib. Xəritədə eyni bir rənglə göstərilən ərazilər Azərbaycan tərəfindən işğal edilən və hazırda da Azərbaycanın işğalında olan erməni əraziləri kimi göstərilib. Onlar Dağlıq Qarabağa və onun ətraf rayonlarının hamısına da erməni adları qoyublar. Bu xəritə ermənilərin xislətini daha yaxından bilməyə kömək edir".

Bu xəritənin müasir dövrdə bir erməni tərəfindən çap olunduğunu deyən G.Baxşəliyeva Azərbaycan alimlərinin ermənilərin belə iddialarına cavab verməsini də cox vacib sayıb. O, hazırda da Azərbaycan alimlərinin bu sahədə iş apardığını nəzərə çatdırıb.

G. Baxşəliyeva onu da əlavə edib ki, Türkiyədən bır sıra yeni tarixi xəritələr gətirilib. Hazırda ABŞ-dan da tarixi xəritələrin gətirilməsi üçün iş aparılır. Yaxın gələcəkdə bütün tarixi xəritələr toplandıqdan sonra onlar ətraflı məlumatlarla birgə kitab şəklində çap olunacaq. Bu kitabın 3 dildə-Azərbaycan, rus və ingilis dillərində çap edilməsi nəzərdə tutulur:

"Bizim elm aləmi coxdan bilir ki, ermənilər Qafqaza gəlmə millətdir. Bu kitab vasitəsilə isə geniş dünya ictimaiyyəti bu faktla daha yaxından tanış olacaq".

G.Baxşəliyeva bildirib ki, bütün tarixi xəritələrdə Qafqaz ərazisində Ermənistan göstərilməyib. Bu xəritələr ermənilərin Qafqaza sonradan köçüb gələn bir millət olduğunu bir daha təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti