...

"Xalq Bank" Mikayıl Müşfiqin seçilmiş əsərlərini təqdim edir (FOTO)

Cəmiyyət Materials 5 İyun 2013 20:42 (UTC +04:00)
"Xalq Bank" ASC "Xalq Əmanəti" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin "Seçilmiş Əsərləri"ni geniş ictimaiyyətə təqdim edir.
"Xalq Bank" Mikayıl Müşfiqin seçilmiş əsərlərini təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"Xalq Bank" ASC "Xalq Əmanəti" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin "Seçilmiş Əsərləri"ni geniş ictimaiyyətə təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, şairin əsərlərindən ibarət kitab "Xalq Əmanəti" layihəsi çərçivəsində təqdim edilən sayca səkkizinci nəşrdir. Kitabın təqdimatı "Xalq Bank"ın İnşaatçılar prospekti, 22L ünvanda yerləşən baş ofisində keçirilib.

Təqdimatdan sonrakı günlərdə şairin pərəstişkarları kitabı əldə edə bilərlər. Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. "Xalq Əmanəti" layihəsi "Xalq Bank"ın xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə töhfəsidir.

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, dövrünün tanınmış ziyalısı Mirzə Əbdülqadir İsmayılzadənin ailəsində anadan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycan Dövlət Darülfünunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) Dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

Repressiyalar dönəmində həbs edilib, 1938-ci il yanvar ayının 6-da güllələnib. İllər sonra tam bəraət alıb və reabilitasiya olunub. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Görkəmli bəstəkarlarımız Müşfiqin sözlərinə onlarla gözəl nəğmələr yazıblar. Şairin "Yenə o bağ olaydı", "Oxu, tar", "Küləklər", "Ana" və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti