...

Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edilib

Cəmiyyət Materials 6 İyun 2013 18:32 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir.
Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edilib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2013-cü il iyunun 10-dan 13-dək saat 10:00-dan 17:00-dək aparılır.

İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının illik qiymətləri) "4" və "5" olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kurslarında "yaxşı" və "əla" qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.

Seçim iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini bilmə səviyyəsini müəyyən edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.

Test imtahanı 2013-cü il iyunun 16-da keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi" iyunun 15-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2013-cü il iyunun 17-də keçiriləcək.

Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.

Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların siyahısı, plan yerləri və s. məlumatları TQDK-nın internet saytından (www.tqdk.gov.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti