...

Bakıda tullantıların davamlı idarə olunması sahəsində ilk beynəlxalq seminar keçirilir

Cəmiyyət Materials 17 İyun 2013 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, Fransanın "CNIM S.A." şirkətinin maliyyə dəstəyi və Azərbaycan Diplomatik Akademiyası, Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA), ABŞ-ın Kolumbiya Universiteti, Xəzər Enerji və Əraf Mühit Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə "Tullantıdan enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi və Bakı şəhərinin təcrübəsi" adlı beynəlxalq seminar keçirilir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 5 gün davam edəcək tədbirdə Almaniya, Böyük Britaniya, ABŞ, İtaliya, Belçika, Avstriya, Yunanıstan, Türkiyə, İndoneziya, Braziliya, Hindistan, Oman, Livan, Qana, Nigeriya və s. ölkələrin nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində SYNERGIA təşkilatının prezidenti professor Efstratios Kalogirou, ABŞ-ın Kolumbiya Universitetinin professoru və Yer Mühəndisliyi Mərkəzinin rəhbəri Nikolaos Themelis, Tullantıdan Material və Enerji Tədqiqat Mərkəzinin (MatER) rəhbəri, professor Stefano Consonni, Leuven Universiteti Kimya Mühəndisliyi fakültəsinin professoru Carlo Vandecasteele, UV&P Ətraf Mühitin İdarə olunması və Mühəndisliyi şirkətinin baş direktoru Franz Neubacher, həmçinin bu sahədə fəaliyyət göstərən qurum və layihə rəhbərləri, yerli mütəxəssislər mühazirələrlə çıxış edəcəklər.

Seminar zamanı tullantıdan enerjiyə sahəsinin texniki aspektləri, ətraf mühitin mühafizəsinə müsbət təsirləri və iqtisadi səmərəliliyi, mexaniki-bioloji emal, bioqazların bərpası sistemi və tullantıların basdırılması kimi mövzular müzakirə ediləcək.

Bu gün seminarın açılışı mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycanda bu sahədə görülən işlər və qurumun həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Qeyd olunub ki, tullantıların düzgün idarə edilməsi məqsədilə müasir standartlara uyğun poliqon yaradılıb, ildə 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231,5 milyon kVt/s elektrik enerjisi istehsal edəcək zavod və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodu istifadəyə verilib. Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər və Azərbaycanda "yaşıl biznes"in inkişaf imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verən Z.İbrahimov tullantıların idarə edilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadə beynəlxalq seminarın Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Seminar təqdimatlarla davam etdirilib.

Qeyd edək ki, "Tullantıdan enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi" mövzusunda beynəlxalq seminar hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il Bakıda keçirilən tədbir haqqında ətraflı məlumatı "Təmiz Şəhər" ASC-nin rəsmi internet səhifəsindən (http://tamizshahar.az/seminar.php) əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti