...

Azərbaycanda xüsusi notariat kontorlarının sayının artırılması planlaşdırılır

Cəmiyyət Materials 28 İyun 2013 17:33 (UTC +04:00)
Azərbaycanda xüsusi notariat kontorlarının sayının artılması daha məqsədəuyğundur, çünki onlar özləri özlərini maliyyələşdirə bildirdiyinə görə dövlətə də əlavə yük olmazlar.
Azərbaycanda xüsusi notariat kontorlarının sayının artırılması planlaşdırılır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda xüsusi notariat kontorlarının sayının artılması daha məqsədəuyğundur, çünki onlar özləri özlərini maliyyələşdirə bildirdiyinə görə dövlətə də əlavə yük olmazlar. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib.

İdarə rəisinin sözlərinə görə, qeydə alınan notariat əməliyyatlarının sayı ilbəil artdığından bəzi bölgələrdə notariat kontorlarının sayı artırıla bilər:

"Ötən illə müqayisədə Azərbaycanda notariat əməliyyatlarının sayı 25% artıb. Amma Bakı, Gəncə, Sumqayıt, Abşeron, Quba, Xaçmaz, Lənkəran, yəni iqtisadi cəhətdən fəal zonalarda notariat əməliyyatlarının sayı digər bölgələrdən kəskin fərqlənir. Həmin yerlərdə bəlkə də notariat kontorlarının sayının artırılmasına növbəti ildə ehtiyac olacaq".

Onun sözlərinə görə, bu məqsədlə gələn il bir neçə notarius vakansiyası üzrə imtahan, müsabiqə, müsahibənin keçirilməsi nəzərdə tutulur:

"Fikirləşirik ki, onları regionlar üzrə keçirməyimiz daha məqsədəuyğun olar. Çünki bu sahə ilə məşğul olmağı arzu edən insanların əksəriyyəti istəyər ki, Bakıda qalsınlar. Amma buna Bakıda yox, bölgələrdə ehtiyac var. Biz vakansiya olan zonalar üzrə imtahanların keçirilməsini nəzərdə tutmuşuq. Lakin imtahan verənlər bilməlidirlər ki, şəhadətnamə aldıqdan sonra onlar yalnız həmin regionda fəaliyyət göstərəcəklər. Amma bununla bağlı son qərar hələ verilməyib".

Bu vaxta qədər Azərbaycanda notariat kontorlarında hər hansı cinayət hadisəsinin qeydə alınmadığını deyən Soltanovun sözlərinə görə, məhz buna görə notariuslar ən inanılmış, ən nüfuzlu adamlar olmalıdır:

"Biz istəyirik ki, savadlı, bütün göstəricilərə cavab verən kadrları seçək. Notariat sahəsi çox incə sahədir. Məhkəmə hakimliyindən də çox fərqlidir. Hakimin məsələni hərtərəfli araşdırıb bir qərarı verməkdən ötrü bir ay vaxtı olur. Amma notariusa müraciət ediləndə o, 5 dəqiqənin içində bir qərara gəlib möhürlənmiş sənəd verməlidir. Onun qanunvericilik bazası üzrə bilikləri mükəmməl olmalıdır ki, düzgün qərar çıxarsın və sabah həmin qərar məhkəmə mübahisəsinin predmeti olmasın".

Bununla belə, İdarə rəisinin sözlərinə görə, vakant notarius vəzifələrinə elan olunmuş müsabiqələrdə iştirak edən namizədlərin səviyyəsi heç də qənaətbəxş deyil:

"Azərbaycanda bu sahədə yetərli sayda kadrların olması bizim universitetlərimizdən asılıdır. Biz son dəfə imtahanı 2 il yarım bundan əvvəl keçirmişdik. Düzünü desəm, biz orada daha çox namizədin uğur qazanacağını gözləyirdik. Təəssüflər ki, 456 namizəddən cəmi 120 nəfəri ikinci mərhələyə keçmişdi. Növbəti mərhələdə isə onlardan cəmi 29 nəfər qalmışdı. Yəni mən deməzdim ki, sənədlərini təqdim edən namizədlərin səviyyəsi yüksəkdir".

Qeyd edək ki, hazırda Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan 99-u dövlət, 56-sı xüsusi notariat kontorudur. Notarius fəaliyyəti ilə isə 173 nəfər məşğul olur. Onlardan 104 nəfəri dövlət, 69 nəfəri xüsusi notariat kontorlarında fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti