Azərbaycan, Bakı, 1 iyul /Trend/
Azərbaycanda səfərdə olan BMT Baş katibinin İnformasiya Texnologiyaları üzrə nümayəndəsi cənab Amir Dossal səfərin nəticələri ilə bağlı BMT-nın Baş katibi cənab Pan Gi Munu məlumatlandırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə daxil olan məlumata görə, Pan Gi Mun Azərbaycandakı inkişafdan məmnun qaldığını bildirərək, Azərbaycan xalqına salamlarını çatdırmaqı xahiş edib. Xüsusən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya liderləri ilə birgə Dinlər və Mədəniyyətlərarası Dialoqun qurulması üçün göstərdiyi önəmli fəaliyyəti və may ayında Bakıda keçirilən Cənubi Qafqaz Forumunun region üçün yeni uğurlu bir platforma olması xüsusi olaraq vurğulanıb. Amir Dossal bildirib ki, bu forum Azərbaycanı dünyanın siyasi arenasında tam fərqli və nüfuzlu bir müstəviyə gətirib.
Qeyd edək ki, Azərbaycana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qonaqı qismində səfərdə olan Amir Dossal Diasporla İş üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Naziriliyi, Milli Elmlər Akademiyasında görüşlər keçirib və Xarici Dillər Universitetində fəaliyyət göstərən Amerika Mədəniyyət Mərkəzində gənclərə mühazirə oxuyub.