Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/
"Şahdağ" Yay-Qış Turizm Kompleksində bu ildən yay mövsümü ilə bağlı qonaqların qəbuluna da başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ilin sonunadək üç hotelin istifadəyə verilməsi nəzərdə tutulur. "Şahdağ" hotelinin tikintisi dövlət tərəfindən, iki hotelin inşası isə özəl investor olan "Paşa Holdinq" tərəfindən həyata keçirilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar rayonundakı "Şahdağ" Yay-Qış Turizm Kompleksində olub. Kompleksdə görülən işlərlə tanış olan nazir növbəti mərhələdə təhvil veriləcək obyektlərin inşası, təchizat məsələləri, generator stansiyasının fəaliyyəti ilə maraqlanıb.
Səfər çərçivəsində Əbülfəs Qarayev kompleksdəki obyektlərin əməkdaşları, burada müxtəlif işləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşdə tikinti üzrə baş podratçı "DİA Holding" (Birləşmiş Ərəb Əmirlikləri), kanat yollarının qurulmasını həyata keçirən "Doppelmayr Seilbahnen GmbH" (Avstriya), qaz xəttinin çəkilişi üzrə "Azenko" ASC (Azərbaycan), süni qar yağdırma sistemi üzrə "TechnoAlpin AG" (İtaliya), obyektlərin layihələndirilməsi ilə bağlı "Swiss Town Consult" / "ILF Consulting" (İsveçrə - Avstriya) şirkətlərinin nümayəndələri iştirak ediblər. Kompleksdə inşaat işləri, hazırda fəaliyyət göstərən obyektlərin idarə edilməsi məsələsi müzakirə olunub.
Nazirin iştirakı ilə "Şahdağ" Qış-Yay Turizm Kompleksi və Andorranın "PGI Management" şirkəti arasında saziş də imzalanıb. Sənədi "Şahdağ" kompleksinin direktoru Emin Həşimov və "PGI Management"in prezidenti Con Viladomat imzalayıblar. Sazişə əsasən, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin ərazisindəki "Zirvə", "Gaya Residence" və "Shahdag Hotel&SPA" mehmanxanalarının idarəçiliyi 3 il müddətinə "PGI Management" şirkətinə verilib.
2012-ci ilin noyabrından 2013-cü ilin martınadək "PGI Management" şirkəti "Şahdağ" Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirib. Andorra şirkətinin əməkdaşları süni qar yağdırma sistemləri, kanat yollarının idarəsi, dağ-xilasetmə xidməti və yerli mütəxəssislərin hazırlanması sahəsində yüksək peşəkarlıq səviyyəsi göstəriblər. Bununla bağlı "PGI Management"in kompleksdə fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul olunub.