...

MDB gənclərinin ekoloji düşərgəsi keçirilir

Cəmiyyət Materials 12 İyul 2013 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyi, IDEA kampaniyası və Təbiət Dostları İctimai Birliyinin birgə təşkil etdiyi Gənclərin Beynəlxalq Ekoloji Düşərgəsi davam etməkdədir.

IDEA kampaniyasından Trend-ə verilən məlumata görə, beynəlxalq düşərgə MDB ölkələrinin 2013-2014-cü illər üçün nəzərdə tutulan sosial-humanitar sahədə əməkdaşlığın prioritet tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Xatırladaq ki, 2013-cü il MDB ölkələrində "Ekologiya və ətraf mühitin mühafizəsi" ili elan edilib.

Düşərgənin keçirilməsində məqsəd ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan verməkdir.

Düşərgə çərçivəsində Azərbaycanda həyata keçirilən ekoloji layihələrlə tanışlıq, "Tullantılardan davamlı istifadə", "Eko-könüllülük", "Ekoturizm", "Eko-konfliktologiya", "Vəhşi təbiətin mühafizəsi", "Xüsusi mühafizə olunan ərazilər" və s. mövzularda seminarlar, qrup və rol oyunları, eləcə də ekoloji aksiyalar keçirilib.

Qeyd edək ki, beynəlxalq düşərgə mərhələli olaraq paytaxt Bakıda və İsmayıllı rayonunda keçirilməkdədir. Tədbirə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kimi müxtəlif MDB dövlətlərindən 80-ə yaxın gənc qatılıb. Tədbirdə ətraf mühit sahəsində fəaliyyət göstərən ekspertlərlə yanaşı, MDB ölkələrinin İcraiyyə Komitəsinin humanitar məsələlər üzrə məsul əməkdaşı da iştrak edir.

MDB Gənclərinin Ekoloji Düşərgəsi iyul ayının 8-dən start götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti