Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Apelyasiya Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştirakına görə həbs olunan 11 nəfərin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Trend-in məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı avqustun 1-nə təyin edilib.
Nərimanov rayon məhkəməsinin hökmü ilə Aydın Məmmədov 2 il 3 ay, Elçin Quliyev, Elşən Haşımov, Bayraməli Vəlişov, Ruhid Abbasov, Dadaş Vəliyev, Səxavət Quliyev, Sahil Rzayev 2 il, Rauf Qarayev və Elçin Məmmədov hər biri 1 il 9 ay, Ülfət Qasımov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də qanunsuz keçirilən "Hicaba azadlıq!" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.