Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İzzət/
Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müxtəlif cəzalar, o cümlədən cərimələr tətbiq edilməklə inzibati prokotollar tərtib edilir. Lakin Trend-ə müraciət edən bir sıra oxucular qeyd edirlər ki, banklarda həmin cərimələri gedib vaxtında ödəmək istədikləri zaman onlara bildirilir ki, cərimə ilə bağlı bildiriş hələ DYP tərəfindən elektron sistemə "otuzdurulmayıb", yəni daxil edilməyib. Bu minvalla cərimənin ödənilməsi süni şəkildə uzadılır və sonda bildiriş sistemdə peyda olan zaman məlum olur ki, sürücü cəriməni vaxtında ödəmədiyinə görə üzərinə əlavə faiz gəlib.
Sürücülər iddia edirlər ki, bu "sistemə otuzdurulma tələsi" qəsdən qurulub və əlavə pul qoparmaq məqsədi daşıyır. Çünki artıq yeni qaydalara görə, edilən cərimənin 25 faizi bonus olaraq yol polisi əməkdaşlarına verilir.
Problemlə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib ki, belə gecikmə halları yaranarsa, sürücülər birbaşa Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. O zaman problem fərdi qaydada araşdırılır və hansı səbəbdən baş verdiyi müəyyən edilir.
Şöbə rəisinin sözlərinə görə, bəzən sürücülər bəzi məsələləri qarışdırırlar. Çünki tərtib edilmiş protokollarla bağlı qərar çıxmayanda cəriməni ödəmək mümkün deyil: "Protokol yazılır və ola bilər ki, vətəndaş inzibati xətanın mövcudluğu ilə razılaşmayıb. Bu səbəbdən də qərar çıxmayıb. Qərar çıxmayanda isə cərimə məbləği elekton sistemdə görünmür ki, sürücü də gedib onu ödəyə bilsin. O cəriməni yalnız qərar çıxdıqdan sonra ödəyə bilər".
Bununla yanaşı, Kamran Əliyev insan faktorunu nəzərə alaraq, problemin operatorun səhlənkarlığı üzündən protokolda olan məlumatları elektron sistemə vaxtında daxil etmədiyinə görə də yarana bildiyini istisna etməyib:
"Protokol tərtib edildikdən 1 gün ərzində məlumat Mərkəzi İnformasiya Sisteminə ötürülməlidir. Bunu qanunvericilik tələb edir. Əgər yerləşdirilməyibsə, vətəndaş bizə müracitə etməlidir. Biz araşdıraq, bunun səbəbini bilək ki, görək hansı səbəbdən sistemə yerləşdirilməyib. Bəlkə elə yerləşdirilib, amma hansısa səbəbdən Mərkəzi Bankın saytında görünmür. Yəni müəyyən texniki problemlər də ola bilər".
Şöbə rəisi qeyd edib ki, belə problemlərlə bağlı onlara edilən müraciətlər zamanı əksər hallarda məlum olur ki, məhz qərar çıxmadığına görə vətəndaş cəriməni ödəyə bilmir:
"Qərar çıxmayanda vətəndaş fikirləşməsin ki, onun üstünə faiz gəlir. Qərar çıxmasa, cərimə müəyyənləşməsə, onun üstünə faiz gəlməsi mümkün deyil. Cərimə qərarın verildiyi gündən sonrakı bir gün ərzində ödənilir, lakin ilk 3 iş günü ərzində ödənilərsə, ona güzəşt edilir. Cərimənin ödənilməsi üçün müddət isə protokolun tərtib edildiyi gündən yox, qərarın çıxdığı vaxtdan hesablanır".
Azərbaycan yol polisi sürücülərin cərimələrin "sistemə oturmaması tələsi" ittihamlarına cavab verdi
Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müxtəlif cəzalar, o cümlədən cərimələr tətbiq edilməklə inzibati prokotollar tərtib edilir.