...

Vəkillər və məhkəmə aparatı işçiləri üçün təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2013 19:20 (UTC +04:00)
Bu gün Ədliyyə Akademiyasında vəkillər və məhkəmə aparatı işçiləri üçün "Vəkillər və məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və beynəlxalq standartlar" mövzusuna həsr olunmuş seminar keçirilib.
Vəkillər və məhkəmə aparatı işçiləri üçün təlim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Bu gün Ədliyyə Akademiyasında vəkillər və məhkəmə aparatı işçiləri üçün "Vəkillər və məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və beynəlxalq standartlar" mövzusuna həsr olunmuş seminar keçirilib. Bu barədə Trend-ə Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) mətbuat xidmətindən məlumat verilib.

Seminar Mərkəzin və Ədliyyə Akademiyasının təşkilati, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən "Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı mübarizədə əsas alət kimi" adlı layihə çərçivəsində təşkil olunub.

Seminarda Bakı şəhər rayon məhkəmələrinin və Vəkillər Kollegiyasının Bakı şəhərində fəaliyyət göstərən üzvlərinin 30-dək nümayəndəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın prorektoru Elçin Xələfov vəkil və məhkəmə aparatı işçilərinin davamlı tədrisi çərçivəsində etika məsələlərinə dair seminarların təşkilinin əhəmiyyəti, hazırda bu mövzunun günümüzün tələbi ilə səsləşməsi barədə öz fikirlərini bildirib, təbdir iştirakçılarına uğurlar arzulayıb.

Həmçinin, tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Fərhad Nəcəfov ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vəkil və məhkəmə aparatı işçilərinin maarifləndirilməsinin önəmini vurğulayıb, vətəndaş cəmiyyəti institutlarının bu işə mühüm töhfə verə bilmə imkanlarını xüsusi qeyd edib.

Daha sonra seminarın iştirakçılarını salamlayan Ədliyyə Akademiyasının Məhkəmə aparatı işçilərinin tədrisi fakültəsinin dekan əvəzi Əfqan Ələkbərov etik davranış standartları mövzusunda tədrisin təşkilinin dövlət başçısı tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı son illərdə imzalanmış sənədlərdə xüsusilə qeyd olunduğunu bildirib, tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Öz növbəsində, AHİM-in sədri Anar Bağırov seminarın vəkillər və məhkəmə aparatı işçilərinin fəaliyyətində əhəmiyyətini və analoji tədbirlərin korrupsiya ilə mübarizədəki xüsusi rolunu qeyd edib, QHT-lərin bu sahədə işinin səmərəliliyi barədə iştirakçıları məlumatlandırıb.

Sonra seminar A.Bağırov və Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə sektorunun böyük məsləhətçisi Zahid Məmmədovun mühazirələri ilə işini davam etdirib.

Qeyd edək ki, layihəyə əsasən, AHİM tərəfindən 3 yeni kitab nəşr edilib. Buraya Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurası (CCBE) tərəfindən hazırlanmış "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"nin kommentariyaları, BMT-nin Ədalətli Məhkəmə Hakimiyyətinin Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən hazırlanmış "Məhkəmə aparatı işçiləri üçün davranış prinsipləri" və ölkəmizin müxtəlif dövlət orqanlarının etik davranış qaydalarını ehtiva edən "Etik Davranış Kodekslərinin Toplusu" daxildir.

Həmin vəsaitlər metodiki yardım məqsədilə seminar iştirakçılarına paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti