...

Allahşükür Paşazadə: Azərbaycanda din öz layiqli yerini tutub

Cəmiyyət Materials 21 Avqust 2013 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

"Azərbaycan bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu bir nümunədir. Dövlət rəhbərimizin qarantı olduğu etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir".

Trend Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına istinadən xəbər verir ki, bunu İordaniyada səfərdə olan QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Əhl-əl-Beyt" Kral Fikir Müəssisələri Akademiyasının təşkilatçılığı ilə keçirilən konfransda çıxışı zamanı deyib.

QMİ sədrinin fikrincə, insan haqları deyilən məfhumun Qərb standartları və ya Şərq meyarları olmur.

"Burada əsas olan ədalət prinsipidir. Kifayət qədər oturuşmuş, sabit vətəndaş cəmiyyətlərinə misal olaraq, mən təmsil etdiyim dövlətin - Azərbaycanın timsalında danışmaq istərdim.

Allahın Lütfü ilə, Azərbaycanda bu gün din öz layiqli yerini tutmuşdur. Müasir Azərbaycan dövləti son 20 il ərzində dünyəvi dövlət şəraitində dini dəyərlərə yüksək ehtiramın, dini abidələrə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi tanınır."

Şeyx qeyd edib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan öz dini dəyərlərinə qayıdış imkanı qazanıb. Azərbaycanda yenidən hakimiyyətə gələn Heydər Əliyev mənəvi irsimizin himayədarı olub, məscidə gələrək xalqla birlikdə olmaq, Ramazan İftarlarında iştirak kimi ənənələrin başlangıcını qoyub:

"Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Ölkəmiz həm dinlərarası, həm də mədəniyyətlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkandır. Azərbaycan dövləti səviyyəsində və dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi olaraq tərəfimizdən bu istiqamətdə böyuk işlər görülür."

A.Paşazadə bildirib ki, Azərbaycan müsəlman həmrəyliyi məsələsini hər zaman prioritet kimi dəyərləndirir. "Ümumən, Azərbaycan dövlətinin lideri İslam həmrəyliyi məsələlərinə böyük önəm verir, dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində səy göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti