...

Vüsal Qurbanov: Azərbaycanlı tələbələrin xaricdə təhsil almaları üçün şəraitin yaradılması ölkənin gələcəyinə verilən ən böyük töhfədir

Cəmiyyət Materials 5 Sentyabr 2013 16:05 (UTC +04:00)
Azərbaycanda son 10 ildə təhsil sistemində, xüsusilə, azərbaycanlı tələbələrin xaricdə təhsil almaları üçün şəraitin yaradılması ölkənin gələcəyinə verilən ən böyük töhfədir.
Vüsal Qurbanov: Azərbaycanlı tələbələrin xaricdə təhsil almaları üçün şəraitin yaradılması ölkənin gələcəyinə verilən ən böyük töhfədir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda son 10 ildə təhsil sistemində, xüsusilə, azərbaycanlı tələbələrin xaricdə təhsil almaları üçün şəraitin yaradılması ölkənin gələcəyinə verilən ən böyük töhfədir. Bu barədə Trend-ə ASAIF-in (Xaricdə Təshil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) baş katibi Vüsal Qurbanov bildirib.

Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edildiyini xatırladan V.Qurbanov qeyd edib ki, Dövlət Proqramının reallaşdırılmasının başlıca məqsədi neft kapitalının insan kapitalına çevrilməsi, ölkənin yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsinin təmin olunmasından ibarətdir: "Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı, eləcə də yuxarıda qeyd olunan digər təhsil formaları üzrə, demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır".

V.Qurbanovun fikrincə, bu gün xaricə gedən hər bir azərbaycanlı gənc düşünməlidir ki, onlar Azərbaycanın gələcəyini bəlirləyən, Azərbaycanı uğurlu inkişafa aparan gənclərdirlər.

ASAIF-in baş katibi əlavə edib ki, məhz buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik məsələlərdir: "Xaricdə təhsil alan hər bir gənc təhsilində uğur qazanmağa borcludur. Çünki bu gün cənab Prezidentin bu proqramı qəbul etməsi, bizlərə ümüd bəsləməsi bizi ikiqat məsuliyyət altında qoyur".

V.Qurbanov deyib ki, xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar: "Bu gün xaricə gedən hər bir gəncimiz yalnız təhsildə deyil, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanda baş verən siyasi proseslərdə fəal olmalıdır. Sözsüz ki, təhsildə uğurlardan danışan zaman Azərbaycanın da artıq xaricdən gələn tələbələr üçün bir istək, arzu olmasını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının qayğısı nəticəsində bu gün Azərbaycanda yaradılmış elm və təhsil müəssisələri dünyanın ən qabaqcıl elm mərkəzləri ilə rəqabətə girməyi bacarır".

V.Qurbanov əlavə edib ki, Azərbaycan nadir ölkələrdən biridir ki, təhsil sisteminin, elmin inkişafı üçün bu qədər işlər görülür: "Yalnız son dövrlərdə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunu xüsusi qeyd etmək lazımdır. Məhz bu fondların ayırdığı qrantlar hesabına azərbaycanlı gənclərin təhsil almaları, öz potensiallarını üzə çıxarmaları üçün şərait yaradılıb. İnanıram ki, məhz ölkə rəhbərliyinin qayğısı nəticəsində bizim uğurlarımız daha da artacaq və Azərbaycandan Nobel mükafatına layiqli gənclər yetişəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti