...

Göygöldə XIX əsrdə tikilmiş alman evi muzeyə çevriləcək (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2013 17:38 (UTC +04:00)
Vaxtilə Göygöl rayonunda yaşamış milliyyətcə alman olan Viktor Klaynın yaşadığı ev muzey kimi fəaliyyət göstərəcək.
Göygöldə XIX əsrdə tikilmiş alman evi muzeyə çevriləcək (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Vaxtilə Göygöl rayonunda yaşamış milliyyətcə alman olan Viktor Klaynın yaşadığı ev muzey kimi fəaliyyət göstərəcək.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, evin sahibi, rayonda yaşayan sonuncu alman olan Viktor Klayn 5 il bundan öncə dünyasını dəyişib.

Məlum olduğu kimi, XIX əsrin əvvəllərindən başlayaraq Göygöldə almanlar məskunlaşaraq yaşayıb. Bu rayonda hazırda almanlar tərəfindən inşa edilən 300-dən çox ev var. Həmin evlərdən biri də V.Klaynın olub. Evi 1886-cı ildə Viktorun atası tikdirib və indiyədək binada heç bir əsaslı təmir-bərpa işləri aparılmayıb. V.Klayn 2008-ci ildə 72 yaşında vəfat etdikdən sonra ev boş qalıb.

İndi evdə alman irsinə məxsus istifadə edilən cürbəcür məişət əşyaları var ki, onların hamısı eksponat kimi qiymətlidir. Buna görə də həmin tikilinin muzey kimi istifadə edilməsi nəzərdə tutulur.

Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, artıq Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları evdə olan qədim əşyaları siyahıya alıb və möhürləyiblər: "Onsuz da bu alman evi gələn turistlərin nəzərində, diqqətində idi. Gələn turistlərin əksəriyyəti o evə baxmağı arzulayırdı. Biz də onları o evlə tanış etmişik. Amma onun gələcəkdə bərpa olunub bədii tərtibat işlərinin aparılması və muzey kimi fəaliyyət göstərməsi turistlərin daha çox axınına səbəb ola bilər".

V.Klaynın evində almanlara məxsus əşyalarla yanaşı, azərbaycanlıların da məişətdə istifadə etdikləri əşyalar var. Bu əşyalar da seçilib və gələcəkdə muzeydə nümayiş etdiriləcək.

Qeyd edək ki, ilkin mərhələdə V.Klaynın evinin təmiri nəzərdə tutulub. Daha sonra isə almaniyalı mütəxəssislərin iştirakı ilə evin əşyalarının düzülüşünə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti