...

Bakı Şəhər Təhsil İdarəsi orta məktəblərdə davamiyyətin pozulmasında əsas günahı qəbul imtahanlarının ağır olmasında gördü (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 Sentyabr 2013 12:01 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu jurnalislərə Bakı şəhəri təhsil işçilərinin sentyabr konfrasında Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov deyib.
Bakı Şəhər Təhsil İdarəsi orta məktəblərdə davamiyyətin pozulmasında əsas günahı qəbul imtahanlarının ağır olmasında gördü (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbi qəbul imtahanlarının ağır olmasıdır.

Trend-in məlumatına görə, bunu jurnalislərə Bakı şəhəri təhsil işçilərinin sentyabr konfrasında Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarının ağırlığı bu gün şagirdi məktəbdən uzaqlaşdırır. Müəllimi isə repetitorluğa sövq edir: "Bu, reallıqdır və bunu deməliyik. Bu ağırlığı sübut edən kifayət qədər faktlar var. Yuxarı sinif şagirdləri o qədər yükləniblər ki, hansısa yükü öz çiyinlərindən atmaq məcburiyyətindədirlər. Valideynlərin məsləhəti ilə onlar məktəbə gəlmirlər. Yuxarı siniflərdə təhsil alan şagirdlər hər şeydən təcrid olunublar. Yeniyetmələrin harmonik inkişafı da dayanıb. Bu məsələlər təhsil işçilərini çox ciddi narahat edir".

M.Bayramov deyib ki, qəbul imtanahlarında nailiyyət əldə etmək üçün orta məktəblərdən ayrılan şagirdlər də var.

M.Bayramovun sözlərinə görə, bəzən Bakı şəhərində təhsil alan şagirdlər adlarını kənd orta məktəblərində yazdırırlar. Amma özləri Bakıda sinif yoldaşları ilə eyni məhəllədə görüşürlər: "Yəni adları kənd rayonlarının məktəblərində, özkəri isə Bakıda qalırlar. İki il öncə Təhsil Nazirliyinin kollegiya iclasında Bərdə Rayon Təhsil Şöbəsinin müdiri qeyd etdi ki, Bakıdan gələn uşaqların üzünü heç vaxt görməmişik. Amma imtahan günü Bakıdan gələn şagirdləri gətirən maşınlar rayonda tıxac yaradırlar. Bu cür yayınmalar Bakı məktəblərinin göstəricilərini də aşağı salır. Hesab edirəm ki, hər il tələbə qəbulunun nəticələri ilə bağlı ayrıca konfrans keçirilməlidir və bu məsələlər müzakirə edilməlidir".

M.Bayramov deyib ki, Tələbə qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında abituriyentin topladığı 460 bal normal variantlar əsasında keçirilən imtahanlarda toplanılan 560 bala bərabərdir: "Bu da elə "beş" qiyməti deməkdir. Məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları TQDK tərəfindən aparılır. Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, o qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur".

M.Bayramovun fikrincə, yekun attestasiya Azərbaycan dili və riyaziyyat fənləri üzrə aparılmamalıdır. Orada təbiət elmləri də əhatə olunmalıdır: "Bəs, məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar ki, qiymətləndirilmir. Demək istəmirəm ki, bizim nöqsanlarımız yoxdur. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti