...

İşəgötürən işçini hansı hallarda iş vaxtından artıq işlərə cəlb edə bilər?

Cəmiyyət Materials 21 Sentyabr 2013 14:15 (UTC +04:00)
Oxucular tərəfindən Trend-ə ünvanlanan suallar arasında tez-tez rast gəlinənlərdən biri də biri də, işəgötürən işçini hansı hallarda iş vaxtından artıq işlərə cəlb edə bilməsi ilə bağlıdır.
İşəgötürən işçini hansı hallarda iş vaxtından artıq işlərə cəlb edə bilər?

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Oxucular tərəfindən Trend-ə ünvanlanan suallar arasında tez-tez rast gəlinənlərdən biri də işəgötürənin işçini hansı hallarda iş vaxtından artıq işlərə cəlb edə bilməsi ilə bağlıdır. Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi, Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov qeyd edib ki, Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndinə əsasən, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

Hüquqşünasın sözlərinə görə, işəgötürən işçini iş vaxtından artıq işlərə cəlb etdikdə Әmək Məcəlləsinin bir sıra tələblərini nəzərə almalıdır: "Əmək Məcəlləsinə əsasən, xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin, habelə hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınların isə iş vaxtından artıq olan işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz".

Bundan əlavə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqının ödənilməsi qaydası müəyyənləşdirilir: "Əməkhaqqının ödənilməsi əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində müəyyən edilir."

Novruzov qeyd edib ki, Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi də nəzərdə tutula bilər: "Әmək Məcəlləsinin 101-ci maddəsi iş vaxtından artıq işlərə yol verilən müstəsna halların dairəsini müəyyənləşdirir. Bunlar dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi; su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün və Əmək Məcəlləsinin 101-ci maddəsində göstərilən digər hallarda olur. Məcəllənin 101-ci maddəsinin 2-ci hissəsi isə işəgötürənin üzərinə iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması məqsədilə bütün zəruri tədbirləri görmək vəzifəsini qoyur."

Vəkil əlavə edib ki, işçi iş vaxtından artıq işlərə işəgötürənin əmri (sərəncam; qərar) ilə cəlb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti