...

Allahşükür Paşazadə Astanada bir sıra görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2013 12:06 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən «Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu» mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində sentyabrın 25-də Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami və bir sıra digər şəxslərlə görüşüb.
Allahşükür Paşazadə Astanada bir sıra görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində sentyabrın 25-də Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami və bir sıra digər şəxslərlə görüşüb.

QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nursultan Nazarbayevin təşəbbüsü ilə ərsəyə gəlmiş Astana Qurultaylarının dinlərarası dialoq işinə verdiyi önəm barədə danışan Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami Şeyxülislam Allahşükür Paşazadə kimi dinlərarası əməkdaşlıq işinə böyük əməli töhfələr vermiş bir dini liderin konfransda iştirakından məmnunluq duyduqlarını deyib.

Azərbaycan dövlətinin və onun rəhbərinin mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələlərinə xüsusi dəyər verdiyindən söhbət açan Şeyxülislam Allahşükür Paşazadə isə həm Qazaxıstan, həm də Azərbaycanın liderlərinin belə bir önəmli məsələyə yüksək diqqət nümayiş etdirmələrinin ölkələrimiz və xalqlarımız üçün xoş nəticələrə vəsilə olduğunu və dini lider olaraq bunu mühüm amil kimi qiymətləndirdiyini nəzərə çatdırıb. O, Azərbaycan Qazaxıstan dövlətləri və xalqları arasında əlaqələrin hər zaman inkişaf etməsi üçün dualar etdiyini bildirib. Şeyxülislam qardaş qazax xalqının ümummilli liderinin dünya çapında dinlərarası dialoq mühitinin formalaşdırılmasına böyük töhfələr verməsindən qürur duyduğunu, Qazaxıstan xalqına və onun rəhbərinə daha böyük uğurlar arzuladığını qeyd edib.

Qazaxıstan Parlamentinin sədri K.Mami Şeyxülislamın qardaş xalqlarımız arasında dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyəcəyinə əmin olduğundan, eləcə də mənəvi sahədə birgə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi zərurətindən danışıb.

Daha sonra Şeyxülislam A.Paşazadə Qazaxıstan Respublikasının Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri Kayrat Lama Şəriflə görüşüb. Azərbaycanla Qazaxıstan arasında tarixi dini-mənəvi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən Qazaxıstan rəsmisi bu işdə QMİ sədrinin də öz səylərini əsirgəməyəcəyinə əmin olduğunu qeyd edib. Mənəvi dəyərlərin dirçəldilməsi dövrünü yaşadığımız bir dövrdə nəinki Qafqaz, bütün MDB müsəlmanlarının ağsaqqalı olaraq Şeyxülislam A. Paşazadənin böyük təcrübəsinə və geniş dünyagörüşünə böyük ehtiyac duyulduğunu bildirən K.Lama Şərif Bakıda aprel ayında keçirilmiş MDB müsəlmanlarının tədbirinin böyük əhəmiyyət daşıdığını xüsusi vurgulayıb.

Həmin gün QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Yerjan Mayamerovla görüşüb. Astanada yeni inşa olunmuş nəfis Həzrəti-Sultan məscidində baş tutmuş görüşdə qardaş xalqlarımız arasında mövcud dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində perspektivlər müzakirə edilib, həmçinin MDB Müsəlmanları Məşvərət Şurası çərçivəsində birgə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

QMİ sədri konfransın kuluarlarında bir sıra tanınmış din xadimləri, o cümlədən, Vatikandan təşrif buyurmuş Papa yanında Dinlərarası əlaqələr üzrə Şuranın başçısı kardinal Jan Lui Toran, iranlı Məhəmməd Bağır Xürrəmşad, Məcid əl-Turki və başqaları ilə də görüşlər keçirib.

Günün sonunda Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən verilən ziyafətdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti