...

Azərbaycanda alimlər üçün xidməti mənzil və kooperativ yaşayış evləri tikiləcək

Cəmiyyət Materials 27 Noyabr 2013 13:04 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlər üçün yataqxana, xidməti mənzil və kooperativ yaşayış evlərinin inşasını nəzərdə tutur.
Azərbaycanda alimlər üçün xidməti mənzil və kooperativ yaşayış evləri tikiləcək

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlər üçün yataqxana, xidməti mənzil və kooperativ yaşayış evlərinin inşasını nəzərdə tutur. Trend-in məlumatına görə, Akademiyanın Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev bildirir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və digər proqramların icrası məqsədilə elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilir. Sosial problemlər, mənzil şəraitinin çətinliyi, maaşların azlığı gənclərin elmə marağını artırmaq istiqamətində maneə olaraq qalır. Bu istiqamətdə müvafiq təkliflər hazırlanaraq AMEA prezidentinə təqdim olunub.

Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasına "Aspirantlar yataqxanası"nda yaşayan alimlərin yaxınlıqda inşa olunan binaya köçürülməsi də daxildir. Lakin araşdırmalar nəticəsində məlum olub ki, yataqxanaya həddən artıq insan qeydiyyata alınıb və bəzilərinin AMEA ilə heç bir əlaqəsi yoxdur.

Ahıl alimlərin də sosial vəziyyətinin, mənzil şəraitinin ürəkaçan olmadığını vurğulayan F.Abdullayev onların yaşayış sahəsi ilə təmin edilməsi və kimsəsiz alimlərə xidmət göstərilməsi təklifini irəli sürür.

Bunlardan əlavə, "Akademiya Şəhərciyi"ndə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, həmçinin Şamaxı Astrofizika Rəsədxanasında ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə aparılan tikinti və yenidənqurma işləri yekunlaşmaq üzrədir.

F.Abdullayev onu da qeyd edir ki, AMEA-nın 2001-ci ildə özəlləşməyə çıxarılmış təsərrüfat hesablı 10 müəssisəsindən 3-ü sonralar xüsusi mülkiyyətə verilib. Akademiyanın yeni rəhbərliyinin dövlət başçısına müraciəti nəticəsində qalan 7 müəssisənin özəlləşdirilməsi dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti