...

Çingiz Qənizadə: BMT məcburi köçkünlərin statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməlidir (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2013 11:12 (UTC +04:00)
Bu gün Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə vətəndaşsızlığa dair məşvərət iclası keçirilib.
Çingiz Qənizadə: BMT məcburi köçkünlərin statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməlidir (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə vətəndaşsızlığa dair məşvərət iclası keçirilib.

Trend-in məlumatına görə, vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyinə həsr olunan iclasda Azərbaycanın dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, Azərbaycanda vətəndaşsızlıq barədə problem olmamalıdır: "Bir neçə dəfə bununla bağlı qərarlar imzalanıb. 1998-ci ildə Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin çoxuna vətəndaşlıq hüququ verildi. Belə ki, 250 mini nəfər Ermənistandan gələn, 50 mini məhsəti türkü, 7 mini isə İrandan gələnlər idi. Ancaq etiraf edək ki, bir çox qərarlar imzalansa da, hələ də ölkədə bu sahədə müəyyən problemlər yaşanır. Belə ki, bu gün Azərbaycanda vətəndaşlıq sənədi olmayan 4500 şəxs aşkarlanıb. Yəni, onların sənədləşməsi ilə bağlı problemlər var".

Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan vətəndaşlıq və vətəndaşsızlıqla bağlı bir sıra beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub, vətəndaşlıq məsələlərini və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edib: "1996-cı ildə Azərbaycan "Apatridlərin statusu haqqında" 1954-cü il Konvesiyasına və "Vətəndaşsızlıq hallarının azaldılması" 1961-ci il Konvensiyasına qoşulub".

Ç.Qənizadə əlavə edib ki, Azərbaycan Milli Məclisi Miqrasiya Məcəlləsini qəbul etməklə bu sahədə problemləri həll etmək istiqamətində önəmli addım atdı. Millət vəkili bildirib ki, Azərbaycan elə bir məkanda yerləşir ki, buraya digər ölkələrdən qaçqınların da gəlməsi mümkündür.

Ç.Qənizadə Azərbaycanda olan məcburi köçkünlərin də statusunun müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb: "Azərbaycan ən çox qaçqın və məcburi köçkün ordusunu özündə cəmləşdirən ölkələrdən biridir. Azərbaycan dövləti məcburi köçkünlərin qayğısına qalır, ancaq hesab edirəm ki, BMT məcburi köçkünlərin də statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməlidir".

Tədbirdə çıxış edən digər iştirakçılar da bu sahədə mövcud durumdan və problemlərin həlli yollarından danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti