...

Çingiz Qənizadə: Elə hüquq müdafiəçiləri var ki, internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər

Cəmiyyət Materials 9 Dekabr 2013 13:10 (UTC +04:00)
"Elə hüquq müdafiəçiləri var ki, heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər".
Çingiz Qənizadə: Elə hüquq müdafiəçiləri var ki, internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İ.İzzət/

"Elə hüquq müdafiəçiləri var ki, heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər". Trend xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirma masa"da bildirib.

Tədbirdə "İnsan hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin yeri və rolu" mövzusunda çıxış edən Çingiz Qənizadə istənilən hüquq müdafiəçisinin hansısa qurumun təsiri altında olmasını qəbuledilməz sayıb: "Mən qəbul edə bilmirəm ki, hüquq müdafiəçisi hansısa qurumun təsiri altında olsun. O, tam bitərəf olmalıdır. Heç bir hüquq müdafiəçisi hansısa siyasi təşkilatın təmsilçisi, təsiri altında olmamalıdır. İstər müxalifət olsun, istər hakim partiyadan olsun, hüquq müfaiəçisi tam müstəqil və bitərəf olmalıdır. Hanısa bir təşkilatın təsiri altında və ya onun üzvü olmaqla müstəqil, bitərəf hüquq müdafiəçisi olmaq mümkün deyil. Çünki istər-istəməz həmin siyasi təşkilatın təsiri hiss ediləcək".

O qeyd edib ki, cəmiyyət varsa, insan hüquqlarının pozulması halları da baş verəcək. Amma regionlarda hansısa məmurun hüquq pozuntusunu dövlətin siyasəti kimi qələmə vermək olmaz: "Çox təssüflər olsun ki, xarici təşkilatlar da məhz bu cür hüquq müdafiəçiləri ilə işləməyə üstünlük verirlər. Biz millət vəkilləri parlamentdə vətəndaşları qəbul edərək onların şikayətləri ilə maraqlanırıq. Ancaq elə hüquq müdafiəçiləri var ki, heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər. Bunun da müqabilində qrantlar alırlar. Ən böyük hüquq müdafiəçisi Azərbaycanın ucqar bölgələrində olan insanların mülkiyyət və digər problemlərini qarşı-qarşıya oturmaqla, yazışma yolu ilə həll edən insandır. Bu, hər yerdə belədir, bizdə də belə olmalıdır".

Qeyd edək ki, Çingiz Qənizadə özü də hüquq müdafiəçisidir və "Demokratiya və İnsan Hüquqları Komitəsi" adlı təşkilatın rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti