Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İzzət/
Azərbaycanda avtomobillərin dövlət texniki baxışından keçməsi formal xarakter daşıyır. Ona görə də texniki baxış məsələsini ciddiləşdirmək yox, ümumiyyətlə, ləğv etmək lazımdır. Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
Millət vəkilinin sözlərinə görə, nəqliyyat vasitəsini vaxtında dövlət texniki baxışından keçirməyənlərə, nasaz vəziyyətdə avtomobili idarə edərkən qəzaya səbəb olmuş sürücülərə və avtomobil sahiblərinə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı fikirlər səslənsə də, bununla bağlı Milli Məclisə konkret təklif daxil olmayıb.
Ç.Qənizadə hesab edir ki, Azərbaycanda avtomobillərə dövlət texniki baxışı ümumiyyətlə, ləğv olunmalıdır: "Mən ümumiyyətlə, dövlət texniki baxışının ləğv olunmasının tərəfdarıyam. Sadəcə olaraq ona görə ki, dünyanın bir çox ölkələrində texniki baxış anlayışı yoxdur. Hərəkət etmək üçün qarajından, evindən çıxan hər bir avtomobil sahibinin özü məsuliyyət daşımalıdır ki, onun avtomobili yolda xarab ola, sına və s. ola bilər. Yəni texniki baxış formal xarakter daşıyır. Onsuz da texniki baxışda orada heç nəyə baxan yoxdur. Sadəcə qeydiyyatdan keçərək rüsum ödəyirlər. Ona görə də fikrimcə, texniki baxış məsələsini ciddiləşdirmək yox, ümumiyyətlə, ləğv etmək lazımdır".
Bununla bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev millət vəkili Çingiz Qənizadənin fikirləri ilə razılaşmayıb.
Şöbə rəisinin fikrincə, əgər dövlət texniki baxışı ləğv olunsa, bu, çox ciddi problemlərə gətirib çıxaracaq: "Niyə formal xarakter daşıyır? Avtomobillərin texniki baxışdan keçməsi üçün bütün regionlarda müayinə mərkəzi təşkil edilib. Avtomobilin texniki baxımdan saz olub-olmaması, onun aqreqat nömrələrinin sənədə uyğun gəlib-gəlməməsi, ən azından onların yol vergisini ödəyib-ödəməməsinə nəzarət və bir çox digər hallar da məhz texniki baxış zamanı müəyyən olunur. Azərbaycanda mövcud olan avtomobil parklarının hamısı yeni deyil ki, texniki baxışın ləğv olunmasına zərurət yaransın".
K.Əliyevin sözlərinə görə, bu gün ölkədə olan avtomobillərin ən azı 50 faizi 20 il, bəzən isə 30 ildir istismardadır: "Avtomobillər illik texniki baxışdan keçməsələr, bilirsiniz yollarda nasazlıq üzündən nə qədər hadisə baş verər?! Axı həmin maşınların nasazlığını yolda müəyyən etmək çətindir. Hər yolda, hər postda elə avadanlıq və qurğular yoxdur axı".
Şöbə rəisi bildirib ki, atmosferə buraxılan dəm qazının normalara uyğun-olmamasını da yollarda ölçmək mümkün deyil. Onu yalnız texniki baxış zamanı ildə bir dəfə etmək olur: "Ekologiyaya isə ən çox zərər vuran məhz köhnə avtomobillərdir. Məgər 1 milyon avtomobili yollarda yoxlamaq olar? Ən azından ildə bir dəfə texniki baxış zamanı onların ekologiyaya vurduqları ziyanın miqdarı ölçülür və xeyli avtomobilin istismarı qadağan olunur. Bunu yolda etmək mümkündürmü? Onsuz da bu qədər hərəkətin olduğu yollarda nəqliyyatın hərəkəti çətinliklə tənzimlənir. Görün yolda əlavə bu qədər nəqliyyat vasitəsi də saxlanılıb yoxlanılsa, nə vəziyyət yaranar?!"