...

Vüqar Əliyev: Dövlət siyasətinin prioritetlərindən biri də informasiyanın azad dövriyyəsinin təmin edilməsidir

Cəmiyyət Materials 4 Fevral 2014 13:07 (UTC +04:00)
Qarşıda duran vəzifələrdən biri də onlayn informasiya təhlükəsizliyini təmin etməkdir. Qloballaşan dünyada internet mediasının rolu artır.
Vüqar Əliyev: Dövlət siyasətinin prioritetlərindən biri də informasiyanın azad dövriyyəsinin təmin edilməsidir

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir H.Vəliyev/

Qarşıda duran vəzifələrdən biri də onlayn informasiya təhlükəsizliyini təmin etməkdir. Qloballaşan dünyada internet mediasının rolu artır. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan İnternet Forumu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnternet-medianın informasiya təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib.

V.Əliyev bildirib ki, ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini keçib.

Onun sözlərinə görə, internet informasiya sektorunun sürətlə inkişaf edən sahəsidir: "Dövlət siyasətinin prioritetlərindən biri də məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas instrumenti kimi KİV-in sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır".

Sektor müdiri qeyd edib ki, son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb.

O bildirib ki, bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursu fəaliyyət göstərir: "Qarşıda duran vəzifələrdən biri bütövlükdə dövlətin informasiya təhlükəsizliyinin, eləcə də milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsidir".

V.Əliyev vurğulayıb ki, milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsi bilavasitə dövlətin informasiya təhlükəsizliyinin tərkib hissəsidir: "Çünki hazırda dünya siyasətində aparıcı yer tutan dövlətlər deyil, inkişaf etməkdə olan ölkələr də daxili və xarici siyasətlərinin öncül istiqamətlərini toplanmış və təhlil edilmiş informasiya əsasında müəyyənləşdirirlər".

Onun sözlərinə görə, həqiqi məlumatların vaxtında verilməsi daxili və xarici siyasət məsələləri ilə bağlı operativ qərarların qəbuluna təsir göstərir: "Belə olduqda milli KİV-lərin, onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir, onun təhlükəsizliyinin vacib elementi qismində çıxış edir. İnformasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Biz azad cəmiyyətdə yaşayırıq, heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Lakin bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi, ümummilli məsələləri daim diqqətdə saxlamalıdır. Bəzən hansısa yoxlanılmamış, qərəzli, yaxud sifariş xarakterli informasiyalar ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir edir, əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunan ölkələr üçün daha çox aktualdır. Deməli, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlət və medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində əmələ gələn məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti