...

AMEA GMO məhsulların istifadəsi ilə bağlı təkliflər hazırlayacaq

Cəmiyyət Materials 6 Fevral 2014 17:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) genetik modifikasiya olunmuş (GMO) məhsulların istifadəsinin hüquqi tənzimlənməsi ilə bağlı təkliflər hazırlayacaq.
AMEA GMO məhsulların istifadəsi ilə bağlı təkliflər hazırlayacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) genetik modifikasiya olunmuş (GMO) məhsulların istifadəsinin hüquqi tənzimlənməsi ilə bağlı təkliflər hazırlayacaq.

Akademiyanın Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hazırda dünyada gen mühəndisliyi və genetikanın sürətli inkişafı ilə əlaqədar olaraq, genlərin bir orqanizmdən digərinə köçürülməsini tənzimləməyə yönəldilmiş qanunvericilik normalarının zənginləşdirilməsi və tətbiqi aktualdır.

Ölkəmiz 2005-ci ildə Kartagen protokoluna qoşulmaqla GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmaması, Azərbaycan ekologiyası və biomüxtəlifliyinə vurulan ziyanın, həmçinin onlardan kommersiya məqsədi ilə istifadənin qarşısının alınması üçün öhdəliklər götürüb. Bununla belə, ölkəmizdə GMO məhsulların yayılmasını məhdudlaşdıran qanun mövcud deyil.

Qanunvericilikdəki çatışmazlığı aradan qaldırmaq məqsədi ilə Azərbaycanda bu tip məhsulların idxalı və yayılmasının hüquqi tənzimlənməsi AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu tərəfindən tədqiq edilib, dünya təcrübəsindəki qanunlar araşdırılıb.

Məlumatda qeyd edilir ki, Avropa İttifaqı məhsulların tərkibində GMO-nun limitini 0,9 faiz təyin edib. GMO orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadəsi bir çox risklərlə müşayiət olunur. Ekoloqlar geni dəyişdirilmiş növlərin təbiətə daxil olma­sından və ekosistemlərdə fəlakətə səbəb ola biləcək dəyişikliklərdən ehtiyat­lanır­lar. ABŞ və Avropada transgen məhsullar diqqətlə markalanır, ayrıca satılır və bu qida növləri ucuz olmaları ilə fərqlənirlər. Azərbaycanda isə bu sahədə qanunvericiliyin formalaşmaması transgen məhsullardan istifadəyə nəzarəti bir qədər çətinləşdirir.

GMO orqanizmlərin və onlardan alınan məhsulların insan orqanizminə təsiri hələ tam öyrənilməyib. Buna baxmayaraq, onların orqanizmlərdə törətdiyi allergik reaksiyalar, immun sisteminin zəifləməsi, antibiotikə davamsızlıq, insan sonsuzluğu, qadın genlərinin çoxalması və digər dəyişikliklər müşahidə olunur.

AMEA Azərbaycan qanunvericiliyinə təsbit olunması üçün müvafiq təkliflər hazırlamaq qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti