...

I Azərbaycan Ətraf Mühit Forumunun bəyannaməsi qəbul olunub

Cəmiyyət Materials 18 Mart 2014 18:23 (UTC +04:00)
Bu gün Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən I Azərbaycan Ətraf Mühit Forumunun bəyannaməsi qəbul olunub.
I Azərbaycan Ətraf Mühit Forumunun bəyannaməsi qəbul olunub

Azərbaycan, Bakı, 18 mart /Trend/

Bu gün Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən I Azərbaycan Ətraf Mühit Forumunun bəyannaməsi qəbul olunub.

Trend-in məlumatına görə, bəyannamədə qeyd olunur: "Biz, 2014-cü il 18 mart tarixində 1-ci Azərbaycan Ətraf Mühit Forumunda iştirak etmək üçün Bakı şəhərində toplaşmış Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələri, dövlət təşkilatlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikasında həyata keçirilən ekoloji siyasəti, "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasını, Birləşmiş Millətlər Təşkilatının "Ətraf mühit və inkişaf" konfranslarında qəbul olunan bəyannamələri, Birləşmiş Millətlər Təşkilatının Ətraf mühit sahəsində fəaliyyət istiqamətlərini rəhbər tutaraq, QHT-lərin şəbəkələşməsinə və ortaq layihələrin həyata keçirilməsinə, problemlərin həlli yollarının müəyyənləşdirilməsi proseslərinə töhfələr verməyə çalışaraq, əməkdaşlığın bütün səviyyələrində həmrəyliyin zəruriliyini nəzərə alaraq, ətraf mühitin mühafizəsi sahəsində göstərilən səylərin dəstəklənməsi üçün davamlı inkişaf və ekoloji mədəniyyət, ətraf mühitin mühafizəsi istiqamətləri, ölkədə ekoloji problemlərin həlli yolları, ekoloji innovasiyalar və layihələr, iqlim dəyişiklərinin təsirinin azaldılması, risklərin idarə olunması və bərpa olunan enerji mənbələrindən istifadə, həmçinin enerji effektivliyinin artırılması, biomüxtəlifliyin mühafizəsi, yaşıl iqtisadiyyat kimi istiqamətlərdə qazanılmış nailiyyətlərə əsaslanmağın zəruriliyini dərk edərək, yaranmış ekoloji problemlərin və təhlükələrin qlobal xarakter aldığını nəzərə alaraq, onların həlli yollarının xüsusi diqqət tələb etdiyini təsdiqləyirik.

Biz ətraf mühitin mühafizəsi sahəsində bir çox ölkələrin, o cümlədən Azərbaycanın uğurlarını etiraf edir və dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini zəruri sayırıq, təbiətdən səmərəli istifadə mədəniyyətinin formalaşdırılması məqsədilə ekoloji problemlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini xüsusi qeyd edirik, davamlı inkişaf prinsiplərinin tətbiqinin zəruriliyini vurğulayır, bütün dövlət və özəl təşkilatları ekoloji sivilizasiyanın və ekoloji etikanın tələblərinə cavab verən fəaliyyət və həyat tərzininformalaşdırılmasına dəvət edirik, ekoloji vəziyyətin yaxşılaşdırılması və həyat keyfiyyətinin yüksəldilməsi üçün birgə tərəfdaşlığın və ortaq fəaliyyət proqramının zəruriliyini dərk edirik, ətraf mühitin mühafizəsi və təbiətdən istifadə problemlərinin həllində inkişaf əldə etmək məqsədilə dövlət və beynəlxalq, həmçinin müxtəlif ekoloji təşkilatları mütəmadi olaraq forum, konfrans, aksiya, təlim, diskussiya və "dəyirmi masa"lar keçirməyə çağırırıq, bu qəbildən forumların hər il keçirilməsinin vacibliyini təsdiq edir, Azərbaycan hökumətinə, Heydər Əliyev Fonduna, 1-ci Azərbaycan Ətraf Mühit Forumunun təşkilatçılarına 18 mart tarixində ətraf mühit sahəsində müzakirələr etmək üçün belə möhtəşəm forum təşkil etdiklərinə görə dərin təşəkkürümüzü bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti